Gündəm Özəl

Politoloq: “Ermənistan işğalçılıq siyasəti üzündən neft-qaz layihələrindən məhrum oldu”

Politoloq: “Ermənistan işğalçılıq siyasəti üzündən neft-qaz layihələrindən məhrum oldu”

“Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans Prezident İlham Əliyev tərəfindən verilən ciddi mesajlarla yadda qaldı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

O deyib ki, bu kimi tədbirlərdə ölkə Prezidentinin iştirakı Azərbaycan həqiqətlərinin dünayaya çatdırılmasında mühüm rol oynayır:

"Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.

Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir".

Politoloqun sözlərinə görə, burada əhəmiyyətli məqamlardan biri də konfransın məhz Şuşada keçiriməsi ilə əlaqədardır.

"Cənab Prezidentin də dediyi kimi, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var və müxtəlif ölkələri təmsil edən nümayəndələrin otuz ilə yaxın dövr ərzində işğal altında olan Şuşanı öz gözləri ilə görməsi və bu diyarımızın demək olar ki, sıfırdan necə yenidən qurulmasına şahidlik etməsi onlarda işğal altında olan torpaqlarımızla bağlı ətraflı təsəvvürlərin formalaşmasına imkan verir.

Konfrans təbii olaraq Prezident İlham Əliyev tərəfindən verilən ciddi mesajlarla yadda qaldı. Regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasəti ilə bağlı ətraflı şəkildə çıxış edən və nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını cavablandıran cənab Prezident çıxışında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını vurğuladı.

Prezidentin bu bəyanatı özündə faktiki olaraq “biz hər şeyə hazırıq” mesajını ehtiva edirdi və düşünürəm ki, bu mesaj təkcə Ermənistana deyil, həm də onların havadarlarına ünvanlanmışdı.

Cənab Prezidentin də dediyi kimi, Azərbaycan hələ də rəsmi İrəvanın məntiqli davranacağına ümid edir. Çünki 30 illik işğal dövrünün nə ilə nəticələndiyini onlar kifayət qədər yaxşı dərk edirlər və hər hansı möcüzə də gözləməməlidirlər. Bu dövr nəinki Ermənistana heç nə vermədi, əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Ermənilər 30 ildə çox şeydən məhrum oldular. Ermənistan apardığı işğalçılıq siyasəti üzündən regiondakı böyük layihələrdən məhrum oldu. Həyata keçirilən neft və qaz kəmərləri Ermənistandan yan keçdi. O cümlədən, regionda yeni dəmir yol xətləri çəkildi və dünya ticarət yolları ilə inteqrasiya edildi. Bütün bunların nəticəsində Ermənistan milyardlarla vəsait itirdi. Bu da öz növbəsində Ermənistanın daha da yoxsullaşmasına, əhalinin ölkəni tərk etməsinə gətirib çıxardı. Ən əsası da Ermənistan faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdi". Prezident çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə və Şuşa Bəyannaməsinə də toxundu. Haqlı olaraq qeyd etdi ki, Şuşada imzalanan Bəyannamə tarixi hadisə idi. Həqiqətən də Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Azərbaycan-Türkiyə münasibətləri iki ölkə rəhbərlərinin heyrətamiz siyasəti nəticəsinə qardaşlıq münasibətindən müttəfiqlik zirvəsinə qalxıb. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu daha da gücləndirəcək. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilir.Təbii ki, qonaqları maraqlandıran ən mühüm məsələlərdən biri də Azərbaycan-İran münasibətləri idi və president də bu məsələyə kifayət qədər ətraflı və açıq şəkildə münasibət bildirdi. "Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir" deyən dövlət başçısı münasibətlərdəki gərginliyin bizdən qaynaqlanmadığı və bizim seçimizi olmadığını vurğuladı. Prezident açıq mətnlə bildirdi ki, Azərbaycanla hədə və terror dili ilə danışmaq hər hansı fayda verməyəcək və İranın bütün dairələri bunun anlamalıdırlar. Prezident münasibətlərin normallaşması üçün atılmalı olan vacib addımlarla bağlı da mesajlar verdi və bildirdi ki, ilk addımlardan biri Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hücumunun günahkarları və təşkilatçılarının tapılaraq məsuliyyətə cəlb olunması olmalıdır".

Politoloq əlavə edib ki, Prezidentin üzərində dayandığı məsələlərdən biri də Zəngəzur dəhlizi və bu dəhlizin perspektivləri ilə bağlı oldu. Zəngəzur dəhlizinin qlobal əhəmiyyətə və böyük potensiala malik olduğunu deyən dövlət başçısı ölkəmizin Çinin “Bir kəmər bir yol” layihəsinin tərkib hissəsi olan Orta dəhliz layhəsini tam dəstəklədiyini vurğuladı. Hal-hazırda Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar.

"Son olaraq onu qeyd edim ki, Prezidentin çıxışında səsləndirdiyi fikirlər bir daha Azərbaycanın sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazır olduğunu ortaya qoydu. İndi hər şey Ermənistanın irəli sürülən təşəbbüslərə nə dərəcədə konstruktiv yanaşacağından asılıdır. Bu nə qədər tez baş verərsə həm Ermənistan, həm də ümumiyyətlə bütün region üçün bir o qədər faydalı olar”-deyə fikirlərini sonda yekunlaşdırıb.

Şəhanə Demokrat.az

D
demokrat.az