Bir neçə gündür ki, idmançı Mehman Xəlilovun məşq zamanı kobud rəftarı nəticəsində dünyasını dəyişən yeddi yaşlı Fərid Bakarovun başına gələn faciə bütün cəmiyyəti narahat etdi. Sosial şəbəkədə yayılan kadrlar ümumilikdə cəmiyyətin, xüsusən də idman ictimaiyyətinin üzləşdiyi bir sıra problemləri ortaya qoydu.
Bəs, 7 yaşında uşaqların idmanla məşğul olması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Milli Məclisin sabiq deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abıyev Demokrat.az-a açıqlamasında bildirib ki, 6-7 yaşında ciddi idmanla məşğul olmaq düzgün hesab olunmur.
Onun sözlərinə görə, peşəkar idmana 12 yaşından sonra başlamaq daha məqsədəuyğundur:
"Boks idman növünə 7 yaşında olan uşaqlar buraxılmır, əsasən 12 yaşdan yuxarı olanlar buraxılırlar. Ümumiyyətlə, 7 yaşında uşaqlara belə idmanla məşğul olmağa icazə verilməməlidirlər.
Sumqayıtda olan məşqçilər isə heç nə bilmir. Niyə 7 yaşında uşağı idmana buraxırlar, özü də ağır idman növünə?
Nə qədər dəli olmaq lazımdır ki, bu yaşda olan uşaqları zala buraxasan? Həkimlər buna icazə verməməlidir. Ümumiyyətlə, boksa 12 yaşında məşğul olmağa icazə verilsə də, burada müəyyən şərtlər var ki, bu hərəkətlər ola bilər ya ola bilməz.
Təəssüf ki, bu məsələdə ciddi və böyük yanlışlıq var. Kimsə idmançı deyil, bazarçıdır, götürüb uşağı məhv edib. Bu qaydanı pozanda, belə ciddi hadisələrin baş verməsi də qaçılmaz olur. Uşaqlarla idmandan xəbəri olanlar məşğul olmalıdırlar, bazarda olanlar yox. Çünki burada fiziologiyanı, anatomiyanı da bimək lazımdır. Boksun, sambonun və s. digər idman növlərinin proqramını öyrənmək lazımdır. Allah ölən uşağın da ailəsinə səbir versin!".
Şəhanə Demokrat.az


