"Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi çoxdan yaradılmalı idi. Bütün dünya gücləri buna qarşı idi, o cümlədən də "sülhməramlı" qüvvələr. Ancaq Ali Baş Komandanın iradəsinin qarşısında heç kim tab gətirə bilmədi. Nəhayət ki, öz torpaqlarımızda nəzarət məntəqəsini qura bildik. Mən düşünürəm ki, bundan sonra bizim yolumuz Xankəndinədir. Əminəm ki, yaxın günlərdə Xankəndində də Azərbaycan bayrağı sancılacaq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri əminliklə bildirib ki, Azərbaycanın dövləti vətəndaşlarımızın Xankəndinə də gediş-gəlişini təmin edəcək:
"Orada bizim səlahiyyətli nümayəndəliyimiz, hüquq-mühafizə orqanlarımız və s. bərpa olunacaq. Bundan sonra vaxtilə Xankəndində yaşamış azərbaycanlıların hamısı öz doğma torpaqlarına qayıtmalıdır və başqa cür ola da bilməz".
Partiya sədri bildirib ki, Qarabağdakı yaşayan azərbaycanlılarla bir sıra əlaqələri var:
"Əlbəttə ki, bu gündə orada yaşayan ermənilərlə əlaqələrimiz var. Xankəndində anadan olan yerli ermənilər buna sevinirlər və deyirlər ki, nəhayət ki, bizi terroristlərin əlindən qurtarırsınız. Onlar da beziblər və istəyirlər ki, tam əmin-amanlıq şəraitində yaşasınlar.
Orada satılan evləri də biz almalıyıq. Biz onlara deyirik ki, ora gələndən yeni zavodlar, fabriklər tikiləcək və istifadəyə veriləcək. Onların rifah halı yaxşılaşacaq. Mən onlarla telefonla danışıqlarımda deyirəm, "erməni seperatçılarına uymayın".
Cənab Prezidentimizin dediyi kimi, əgər ermənilər bizim qanunlar əsasında Xankəndində yaşamaq istəsələr, orada onların işiq, su, qaz puluna əlavə imtiyazlar olacaq və bu da onlar üçün çox böyük işdir".
Hafiz Hacıyev Xankəndində mer olmaq istəyi məsələsinə də toxunub:
"Əlbəttə ki, dövlət başçısı məsləhət bilsə, Xankəndinin meri olaram və biz cənab Prezidentin əsgəriyik. Məsləhət bilsə, gedib orada üz ağardarıq. Hər halda Azərbaycanın digər rayonlarından, bölgələrindən daha yaxşı oranı inkişaf etdirərik və ermənilər də bizdən razı qalar. Ona görə ki, biz vaxtilə ermənilərlə bir yerdə yaşamışıq.
Xankəndində də erməni tanışlarımız var. Həmin ermənilərin vasitəsilə də onları inandıra bilmişik ki, Azərbaycan Respubilikasının Prezidenti cənab İlham Əliyev sizə ən yaxşı yaşamaq vədini verir. Bizdə gəlib orada sizinlə birlikdə Xankəndini daha da iqtisadi cəhətdən inkişaf etdirib, gələcəkdə də paytaxtımızı ora köçürə bilərik.
Biz tolerant bir ölkəyik. Ona görə də heç kim narahat olmamalıdır. Hər halda cənab Prezident nə məsləhət görəcəksə, o məsləhətə də uyğun addım atacağıq. Artıq ermənilər də bizə inanırlar. Çalışırlar ki, orada da Azərbaycanın bayrağı dalğalansın".
Aynurə Demokrat.az


