Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin ənənəvi “Açıq qapı” aksiyası keçirilib.
Demokrat.az xəbər verir ki, aksiyada “Azəriqaz” İB-nin SƏTƏMM və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələrinin suallarını cavablandırıblar.
Şöbə rəisi İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışarkən bildirib ki, hər qrupda 20-25 nəfər olmaqla ümumilikdə 9 regionda təlimlərə start verilib:
“Vətəndaşların təhlükəsizliyinə hesablanan texniki müayinələrin həyata keçirilməsində süni əngəllər törədən abonentlərə 5 iş günü ərzində vaxt veriləcək ki, növbəti texniki müayinənin həyata keçirilməsinə şərait yaratsınlar. Əks təqdirdə həmin abonentlərin qaz təchizatı dayandırılacaq”.
“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ötən bayram günlərində Birliyin 104/185 Çağrı Mərkəzində yaşanan qısamüddətli fasilələrlə bağlı sosial şəbəkələrdə yayılan neqativ şərhlərə münasibət bildirib:
“Birliyin həyata keçirdiyi tədbirlər öncədən müxtəlif media vasitələri ilə yanaşı, həm də internet resursları vasitəsilə vətəndaşların diqqətinə çatdırılır. Bu isə abonentlərin qaz təchizatı ilə bağlı yarana bilən problemlərin həllinə yardım edir”.
Aysu Demokrat.az


