Gündəm Özəl

"Çox yaxında Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq" — Deputatdan AÇIQLAMA

Çox yaxında Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq — Deputatdan AÇIQLAMA

"Ermənistandakı revanşist qüvvələr hər mümkün imkanlardan Paşinyanın əleyhinə istifadə etməkdə israrlıdırlar. Onlar Paşinyanı satqın və xəyanətkar adlandırırlar. İkinci Qarabağ müharibəsində məğlubiyyətə səbəbkar qismində məhz Paşinyanı görürlər.

Eyni zamanda, Paşinyanın Azərbaycanla sülh sövdələşməsi istiqamətində atdığı istənilən addımı öncədən qaralayıb, ləkələyirlər. Hesab edirlər ki, Paşinyan növbəti satqınlıq aktına imza atmağa hazırlaşır. Onlar eyni zamanda Paşinyanı ittiham edirlər ki, guya rəsmi Bakı ilə Paşinyan müəyyən separat danışıqlara gedib və bu danışıqların nəticəsində Ermənistanın milli maraqları növbəti dəfə tapdanacaq. Əslində, onlar özləri də, çox gözəl bilirlər ki, Ermənistan cəmiyyətində revanşistlərin elə də yüksək nüfuzu yoxdur. Əgər bu, olsaydı, İkinci Qarabağ müharibəsinin nəticəsində Paşinyan kaputulyat statusuna enərkən, onu devirməyi bacarardılar. Yaxud da ki, 2021-ci ilin iyun ayında Ermənistan parlamentində keçirilən seçkilərdə Paşinyana qalib gələrdilər. O zaman Paşinyan daha zəif idi, müharibədən məğlub çıxmışdı. İndi isə Ermənistandakı revanşist qüvvələr sanki qatarın dalınca dönüb baxmaqla məşğuldurlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Paşinyanı fiziki baxımdan aradan götürmək, yəni terror üsullarından istifadə etmək, revanşistlərin əsas məqsədlərindən birinə çevrilə bilər:

"Siyasi yolla, dinc yolla Paşinyana qalib gələ bilməyən revanşist siyasi dairələr terror yolunu seçə bilərlər. Onsuz da, onların sıralarında kifayət qədər terrorçular var. Təbii ki, bütün bunları Paşinyan da hesablayır. Bu səbəbdən də Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində ziqzaqvari addımlar atır. Bir yandan o sülh prosesinə maraqlı olduğu fonunu yaradır, bir yandan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul edir, digər tərəfdən isə siyasi manevrlərlə məşğuldur. Bütün bunlar Ermənistanın bugünkü reallıqlarıdır. Amma, istənilən halda Paşinyanın alternativi yoxdur. O, sülhə getməyə məcburdur, məhkumdur. Çünki sülhün alternativi müharibə ola bilər. Müharibə ümumiyyətlə Ermənistanın sonunun başlanğıcı ola bilər. Müəyyən mənada sülh prosesi yubanacaq, ancaq Azərbaycanın qazandığı hər növbəti qələbə sülh prosesini bir o qədər yaxınlaşdırır.

Ermənistan-Azərbaycan sərhəddində Laçın-Xankəndi istiqamətində Azərbaycanın buraxılış məntəqəsini açması, bu deməkdir ki, çox yaxın zamanlarda Xankəndidə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bütün bunlardan sonra Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması sırf texniki məsələdir, onun reallaşması mümkün olacaq".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova