Hərbi

Salyanda “Şahin” hərbi idman oyunu üzrə zona birinciliyi keçirildi — FOTOLAR

Salyanda “Şahin” hərbi idman oyunu üzrə zona birinciliyi keçirildi — FOTOLAR

27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Salyan rayonu Çuxanlı kəndində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun VIII zona üzrə birinciliyi keçirilmişdir.

Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətəndaşlıq və Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Pənahov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan sektorunun əməkdaşı Emin Məlikov, rayon və şəhər Gənclər və İdman İdarələrinin rəisləri, Şirvan-Salyan iqtisadi rayonu üzrə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala rayonu, Mil-Muğan iqtisadi rayonu üzrə Beyləqan, Saatlı və Sabirabad rayonları, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Cəbrayıl rayonu, Abşeron-Xızı iqtisadi rayonu üzrə Abşeron rayon komandaları və hərbi rəhbərləri iştirak etmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq bildirdi ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqətini daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etmək, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Daha sonra qeyd etdi ki, bu gün ölkəmizdə yüksək vətənpərvərlik hisslərinə malik müasir Azərbaycan gəncləri yetişib, formalaşmışdır. Məhz fomalaşmış vətənpərvər Azərbaycan gəncləri böyük şücaət göstərərək Qarabağ torpaqlarını, Şuşanı işğaldan xilas etdilər.

Tədbirdə çıxış edənAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov çıxışında qeyd etdi ki, Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Gənclərimiz "Şahin" hərbi idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnir, bu barədə ilkin məlumatlara sahib olurlar.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Pənahov bildirdi ki, hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. Bu gün Ölkəmizdə ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Azərbaycan ordusunun Vətən müharibəsində şücaəti bir daha Azərbaycanın hərbi qüdrətini sübuta yetirmiş oldu.

Dövlət Himni səsləndirildikdən sonra yarışa start verildi. Ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə Salyan rayon birinciliyi tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında keçirilmişdir. Hər mərhələ üzrə təyin edilmiş hakimlər tərəfindən qiymətləndirmələr aparıldıqdan sonra yekun hesablamalara əsasən qaliblər elan edildi.

Yekun nəticədə “Şahin” hərbi-idman oyununun VIII zona üzrə birinciliyində III yeri 150 balla Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin komandası, II yeri 176 balla Şirvan şəhər M. B. İsrailov adına 18 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin komandası, I yeri 183 balla Neftçala rayon S. İmanov adına 1 saylı tam orta məktəbin komandası tutdu. I, II və III yeri tutan komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edildilər. Neftçala rayon S. İmanov adına 1 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun VIII zona üzrə birinciliyinin qalibi olaraq respublika final mərhələsinə vəsiqə qazandı.

Salyanda “Şahin” hərbi idman oyunu üzrə zona birinciliyi keçirildi — FOTOLAR
Salyanda “Şahin” hərbi idman oyunu üzrə zona birinciliyi keçirildi — FOTOLAR
Salyanda “Şahin” hərbi idman oyunu üzrə zona birinciliyi keçirildi — FOTOLAR
Salyanda “Şahin” hərbi idman oyunu üzrə zona birinciliyi keçirildi — FOTOLAR

NE
Nihadə Eyyubova