Azərbaycanın əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu hazırda həbsdə olan tanınmış yazıçı Əjdər Olun (Cəbiyevin) əfvi ilə bağlı ölkə ziyalıları tərəfindən Prezident İlham Əliyevə edilən müraciətdən danışıb.
Baba Vəziroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu ilki Əfv Sərəncamından gözləntiləri böyükdür:
“Əjdər Olun da cənab Prezident tərəfindən əfv olunmasını gözləyirik. Bizim ürəyimiz çox yumşaqdır, çox duyğusal insanlarıq. Ona görə də birmənalı olaraq Əjdər Olun əfv olunmasını gözləyirəm. Nəinki onun, artıq səhvini anlamış, müəyyən çətin sınaq, imtahan keçmiş bütün məhbusların əfv olunmasını arzu edirəm. Özəlliklə də mənə bir köynək yaxın olan qələm adamlarının əfv olunmasını çox istəyirəm.
Bu ilin may ayında mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamı olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da hazırlıq prosesinə başlayıb. Belə bir böyük gün ərəfəsində bu cür insanların yolunu gözləyən ailələr var. Bir sözlə, əməlinə peşman olan hər kəsin əfv olunmasını istəyirəm. Allah özü əfv edəndir, bağışlayandır. Çox inanıram ki, Əjdər Ol da bu il azadlığa qovuşacaq".
Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Şəhanə Demokrat.az


