Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hazırda həbsdə olan tanınmış yazıçı Əjdər Olun (Cəbiyevin) əfvi ilə bağlı ölkə ziyalıları tərəfindən dövlət başçısına müraciət olunmasından danışıb.
Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti istədiyi şəxsi istədiyi vaxt əfv edə bilər.
Onun sözlərinə görə, "Əfvetmə haqqında” Əsasnamədə nəzərdə tutulur ki, cəzasının yarısını çəkdikdən sonra əfv ilə bağlı müraciət oluna bilər və əfvə məhkum olunmuş şəxslər düşə bilər:
"Amma, əsasnamə qanun deyil. Əfv İnstitutu və əfvetmə hüququ cənab Prezidentə məxsusdur. Cənab Prezident istədiyi şəxsi istədiyi vaxt əfv edə bilər. Bu, konstitusiya ilə Prezidentə verilmiş səlahiyyətdir".
"Ona görə, şəxsin verilmiş cəzasının nə qədər çəkməsinin, yəni əsaslanma ilə tənzimlənməsi çox hallarda nəzərə alınsa da, bəzən müstəsna hallarda bundan kənarda az cəza çəkmiş şəxslər də əfv oluna bilir.
Əjdər Olla bağlı onu deyə bilərəm ki, o, hələ cəzasının çox az hissəsini çəkib. Məndə olan məlumata görə, doğurdan da, başda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev olmaqla, bir çox tanınmış mədəniyyət xadimləri onun əfv olunması ilə bağlı müraciət edib. Yenə də son söz Cənab Prezidentindir. Mən hüquq müdafiəçisi olaraq kimliyindən asılı olmayaraq əfvin təsiri altına düşmüş, azadlığına qovuşan şəxslərlə bağlı həmişə birmənalı olaraq bu prosesi alqışlamışam.
Əgər Əjdər Ol da cənab Prezident tərəfindən əfv ediləcəksə, təbii ki, mən və digər həmkarlarım da, hüquq müdafiəçiləri də bu təşəbbüsü alqışlayacağıq".
Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Nəzrin Demokrat.az


