Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edilir. 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
Nazirlər Kabinetinin bu qərarı ölkəyə idxal olunan tropik meyvələrin qiymətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a a açıqlamasında bildirib ki, tropik meyvələrin gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək:
"Rüsumlardan azad olunan hər bir şeyin qiyməti məntiqlə düşməlidir. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər.
Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, vətəndaş büdcəsinə o dərəcədə təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır".
Nəzrin Demokrat.az


