"Yeni Fərman ondan xəbər verir ki, Azərbaycanda ictimai nəqliyyat seqmenti bir mərkəz tərəfindən idarə olunacaq".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakı Nəqliyyat Agentliyinin ləğv edilərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əvvəllər Bakı şəhərində nəqliyyatın fəaliyyəti Bakı Nəqliyyat Agentliyi tərəfindən nizamlanırdı:
"Qalan bölgələrdə və şəhərlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən idarə olunurdu. İndi isə bunların hamısı AYNA tərəfindən nizamlanacaq. AYNA da öz növbəsində Nazirlər Kabinetinə tabe olan bir qurumdur.

Düşünürəm ki, yaxın prespektivdə ümumiyyətlə nəqliyyat sferası yeni yaradılmış Şura tərəfindən idarə olunacaq. Şuranın da rəhbərliyi nazirliyə tapşırılır. Bu addımların atılması da yeni struktur dəyişikliyini gözlənilən edir".
Eldəniz Cəfərov qeyd edib ki, cari ildə ictimai nəqliyyatda elektriklə çalışan avtobusların sayı artacaq:
"Naxçıvanda bu praktika artıq var. Azərbaycanın digər şəhərlərində də belə avtobusların fəaliyyətinə start verilir. Təbii ki, əvvəlki ictimai nəqliyyatda vəziyyət ürəkaçan deyildi və narazılıq var idi.
Xüsusən də, son illərdə marşruta buraxılan avtobusların sayının bilərəkdən azaldılması, həmçinin dayanacaqlarda olan ödəmə terminallarının yığışdırılması vətəndaşların ictimai nəqliyyata gedişini çətinləşdirirdi. Xüsusən də, yaşlı nəsil "Bakı kartı"nın balansını artırmaq üçün dayanacaqlardan kilometrlərlə yol qət etməli oldurdular və metrolara axın edirdilər. Bu da özü-özlüyündə metronun işini də iflic edirdi.
Ümid edirəm ki, bu problemlər aradan qaldırılar, ödəmə sistemi yenidən dayanacaqlarda bərpa olunar. Həmçinin, marşruta buraxılan avtobusların sayı da artırılar".
Şəhanə Demokrat.az


