13-14 aprel 2023-cü il tarixlərdə Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin mini futbol meydançasında Salyan rayon Gənclər və İdman İdarəsi, Salyan rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “2023- Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş Ümumtəhsil şəhər məktəbləri arasında mini futbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir. əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən parlaq uğurlarla davam etdirilir.
Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov qeyd etdi ki, Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlardan biri olmuşdur. Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyətindən bəhs edərək qeyd edirdi: İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir. Azər Əliyev adına Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru Sitarə Təhməzova bildirdi ki, bu gün Ümummilli Liderimizin Heydər Əliyevin ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı tarixi və taleyüklü addımlar sayəsində Azərbaycanın dünyanın söz sahibi ölkələri sırasındadır.
Püşkatmadan sonra komandalar yarışa başladı. Yekun nəticədə rayon birinciliyində III yeri Mərdan Muradxanov adına 6 saylı tam orta məktəbin komandası, II yeri Yavər Qafarov adına 8 saylı tam orta məktəbin komandası, I yeri isə Aşıq Pənah adına Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin komandası tutdu. Qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər. 




