"İtkin düşən əsgərimizin Ermənistanda əli-qolu bağlı vəziyyətdə həyatına qəsd məqsədilə döyülməsi birmənalı olaraq qəddarlıq və işgəncə faktıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert bildirib ki, bu, yalnız Azərbaycan əsgərinə qarşı deyil, ümumilikdə insanlıq əleyhinə qarşı hücumdur:
"Bunlar çox təhqirəramiz, alçaldıcı davranışlardır. Hesab edirəm ki, biz bu vəhşiliyə Xocalı və Quşçular soyqırıma verdiyimiz cavaba uyğun şəkildə döyüş meydanında cavab verməliyik. Beynəlxalq təşkilatlara müraciətlər və s. bu kimi addımlar elə də effekt verəsi deyil. Necə ki, onlardan bugünədək cavab almadıq, eləcə də bu fakta görə heç bir müsbət cavab alası deyilik. Ona görə də bizim güvənc yerimiz tək Ali Baş Komandanımız və Azərbaycan Silahlı Qüvvələridir.
Biz kifayət qədər imkan və potensiala malikik ki, bu vəhşiliyə, qəddarlığa döyüş meydanında cavab verək. Düşmən işğalında olan 8 kəndimizi və ya Qarabağda rusların nəzarətində olan erməni silahlılarının at oynatdığı ərazilərin, 3 min kvadrat kilometr ərazinin də bir hissəsini azad edək və erməni tərəfinə sübut edək ki, belə şərəfsizliyin, ləyaqətsizliyin cavabı necə verilir.
Hesab edirəm ki, bizim güc strukturlarımız artıq bu fəaliyyətlər üçün öz planlarını həyata keçirməlidirlər".
Aynurə Demokrat.az


