13 aprel 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi, Salyan rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin kitabxanasında "Heydər Əliyev ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Nə, harada, nə zaman" intellektual oyunu üzrə ümumtəhsil şəhər məktəbləri arasında rayon birinciliyi keçirilmişdir.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.Sonra isə komandalara uğurlar arzuladı.
Sonra çıxış edən Salyan rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Sevinc Səmədova bildirdi ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Sonra iştirakçılara “Nə, harada, nə zaman" intellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi.
Maraqlı mübarizə şəraitində keçən “Nə, harada, nə zaman" intellektual oyunu üzrə rayon birinciliyinin yekununda III yeri Yusif Qasımov adına Salyan şəhər 4 saylı tam orta məktəbin Aran komandası, II yeri Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbin Kür komandası, I yeri Aşıq Pənah adına Salyan şəhər humanitar fənlər təmayüllü 1 saylı məktəb liseyin Uğur komandası tutdu. Sonda qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular. 



