Sosial Özəl

“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”

“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”

Azərbaycan bir çox sahələrdə olduğu kimi, dini və milli tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu ölkəmizdə səfərdə olan nüfuzlu qonaqlar, siyasətçilər və din xadimləri də hər zaman çıxışlarında təsdiqləyirlər. Təbii ki, dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir.

“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”
“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, tarixən Azərbaycanda bütün dinlərin, etnik qrupların nümayəndələri dostluq, mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Millət vəkili qeyd edib ki, ölkəmizdə sabitliyin və tərəqqisinin əsasında, digər amillərlə yanaşı, dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlərə sədaqət durur:

“Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnik qrupların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, dini və mədəni müxtəlifliyin qorunub saxlanmasında xalqımıza xas olan humanizm və çoxmillətlilik dəyərlərin xüsusi rolu vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə verdiyi xüsusi diqqət və önəm nəticəsində bu gün dövlət və din münasibətləri ən yüksək səviyyədədir. Onun nəticəsidir ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin edilir, bütün dinlərin nümayəndələri öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Ölkədə mövcud vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir”.

Deputat əlavə edib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir:

“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”

“Azərbaycana gələn qonaqlar, mütəxəssislər ölkımizdə hökm sürən dini tolerantlığı universal model kimi qəbul edirlər. Bu nailiyyətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin danılmaz xidmətləri vardır. Qeyd etmək lazımdır ki, Azərbaycanda tolerantlıq və multikulturalizm qədimlikdən bəri tarixi dəyər kimi formalaşsa da sistemli olmamışdır. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, ümumbəşəri dəyərlərə söykənməsi azərbaycanlıların həyat tərzinə çevrilmişdir. Bu həyat tərzinin düzgün qiymətləndirilərək, hüquqi və siyasi müstəvidə öz yerini tapması isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət son 19 ildə onun layiqli davamçısı Prezident İlham Əliyev böyük əzmlə davam etdirir”.

“Eyni zamanda, bu gün ölkəmizdə bütün dinlərə aid abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, habelə dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni və dini müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə isə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir”, - deyə K.Bayramov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq mühitinin hər zaman ən yüksək səviyyədə olduğumu nəzərə alaraq burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə və dialoqa həsr olunmuş müxtəlif beynəlxalq tədbirlər, konfranslar, dəyirmi masalar keçirilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini, dinlərini, mədəniyyətlərini təmsil edənnümayəndələrin iştirak etdiyi ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılmışdır. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan regionda və dünyada multikulturalizmi, etnomədəni müxtəlifliyi, mədəniyyətlərin dialoqunu təşviq edən nadir ölkələrdən biridir”.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri sayəsində qurulub:

“Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Onun 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi uçurumda olan xalqımızı xilas etdi. Heydər Əliyev cənabları xalqımızı təkcə siyasi, sosial və iqtisadi bəladan deyil, eyni zamanda milli-mənəvi, xüsusilə də dini dəyərlər baxımından böyük təhlükələrdən qorudu. Ölkəmizdə dini mühiti korlamaq istəyən qüvvələrin qarşısı qətiyyətlə alındı. Buna görə də, tam cəsarətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Çıxışlarının birində Ümummilli liderimiz belə demişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”

Roma papası İohann II Pavel 2003-cü ilin mayında Bakıda olarkən“Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”, ölkəmizdə səfərdə olan sabiq Moskva və Ümumrusiya Patriarxı II Aleksi öz çıxışlarının birində isə “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün də Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən ölkədir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranan dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb. Belə hesab edirik ki, bu sahədə Azərbaycanda toplanan təcrübə diqqətlə öyrənilməli, təhlil olunmalı və təbliğ edilməlidir”, - deyə vurğulamaları dövlət başçısının gərgin əməyinin, ölçülüb-biçilmiş çox incə bir siyasətinin və möhkəm iradənin nəticəsidir. Bu həm də milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür”.

“Bu bir reallıqdır ki, bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək: “Azərbaycanda heç vaxt dini zəmində münaqişə, toqquşma olmamışdır”. Bunun bariz nümunəsini biz, qeyri-İslam dinindən olan insanlar üçün də Azərbaycanda kifayət qədər ibadət yerləri, kilsələr, sinaqoqlar inşa edilməsində görürük. Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Bütün bu qeyd etdiklərimizin fonunda bir daha bildiririk ki, Azərbaycandakı tolerantlıq ənənələri milli-mənəvi dəyərimizdir. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir məzhəbdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil, milli, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli-mənəvi dəyərlərin formalaşmasına töhfə verir”, - deyə İ.Quliyev əlavə edib.

“Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir”

O qeyd edib ki, məhz dövlətimizin başçısı cənab İlham Əliyevin səyi nəticəsində müasir Azərbaycanda dini sahənin inkişafı öz yeni mərhələsinə qədəm qoyub:

“Azərbaycandakı dini ocaqların, məscid və pirlərin yenidən təmir edilməsi, bəzi məntəqələrdə yeni məscidlərin tikilməsi onun dini siyasətinin tərkib hissəsi kimi xarakterizə edilməlidir. Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan hökumətinin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz bu siyasət sayəsində dövlət dini icmalara xüsusi diqqət və qayğı ilə yanaşır, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir. Azərbaycan məhz bu siyasət nəticəsində bu gün bir sıra dövlətlərə nümunə göstərilir. Prezident İlham Əliyev ölkəmizdəki din-dövlət münasibətlərindən danışarkən bunları söyləmişdir: “Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir”. Müsəlmanların dini bayramı olan Ramazan bayramı günü ölkə və dünya müsəlmanlarını təbrik edən dövlətimizin başçısı Ramazan bayramının çox əhəmiyyətli olduğunu, hər bir müsəlmanın mənəvi həyatında müstəsna yerə sahib olduğunu bildirərək öz təbriklərini xalqa və dünya müsəlmanlarına çatdırır”.

“Bununla bərabər, dövlətimizin başçısı digər dinlərə mənsub olan ölkə vətəndaşlarının da əlamətdar dini günlərinə xüsusi diqqətlə yanaşır. Təkcə bunu demək kifayətdir ki, Həzrət İsa peyğəmbərin mövlud bayramı, Pasxa bayramı münasibətilə Azərbaycandakı pravoslav icmasına təbrik məktubu göndərilir, onların bayramları təbrik edilir. Həmçinin yəhudilərin yeni il bayramı Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinə ən səmimi arzu və diləklərini yetirən cənab Prezident təbrik məktublarının birində demişdir: “Ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icması yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlamış, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşməmişdir”.

Bütün bu qeyd etdiklərimizin fonunda bir daha bildiririk ki, Azərbaycandakı tolerantlıq ənənələri milli-mənəvi dəyərimizdir. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir məzhəbdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil, milli, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dəfə də olsun bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli-mənəvi dəyərlərin formalaşmasına töhfə verir”- deyə sonda o, fikirlərini yekunlaşdırıb.

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu - Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Aynurə Pənahqızı Demokrat.az

NE
Nihadə Eyyubova