“Qarabağa ermənilər tərəfindən hərbi silah-sursatın daşınması tamamilə təbii haldır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib.
Politoloq deyib ki, Qarabağın dağlıq hissəsindəki separatçı rejimin və onları himayə edən Rusiya silahlarının davranışından da açıq aydın görünür ki, ölkəmizə qarşı hansısa təxribatlar və əməliyyatlar hazırlanır:
“Çox güman ki, əvvəl təxribatlar, bunun ardınca isə guya hansısa miqyasda onların birgə iştirakı ilə Azərbaycana qarşı lokal hərbi əməliyyatların olması mümkündür. Ona görə biz bəri başdan profilaktik addımlar atmalıyıq. Bu profilaktik addımların biri və birincisi yolların bağlanması, tam nəzarətə götürülməsidir. Bunu bacardıqca yumşaq şəkildə etmək lazımdır ki, təxribata rəvac verməsin. Elə etməliyik ki, rusların təxribatlarına, Rusiyanın bölgəyə əlavə hərbi qüvvə yeritməsinə rəvac verilməsin. Əgər onlar orada həqiqətən silah arsenalı, silah anbarları yaradırlarsa, anti-terror əməliyyatının mahiyyəti ilk növbədə həmin silah sursat arsenalının sıradan çıxarılması olmalıdır. Çünki bu, təkcə təxribatlara hazırlaşan tərəfin hərbi imkanlarının məhdudlaşdırılması demək deyil. Bu, həm də onların hansı niyyətdə olduğunun, hansı planlar hazırladığının dünyaya çatdırılması demək olardı. Bu mənada düşünürəm ki, anti-terror əməliyyatı hansısa mərhələdə mümkündür. Amma, ilk növbədə bu daşımaların yolu dinc üsullarla, yəni yumşaq gücdən istifadə etməklə alınmalıdır. Təbii ki, o mərhələyə keçdikdən sonra ilk növbədə silah-sursat anbarlarının arsenalının hədəfə alınması ilə müəyyən miqyasda anti-terror əməliyyatları keçirilməlidir”.
Aynurə Demokrat.az


