Hərbi Özəl

Hərbi ekspert: "Aprel döyüşləri Azərbaycanın məğlub durumdan qalib duruma keçid prosesinin başlanğıcı idi"

Hərbi ekspert: Aprel döyüşləri Azərbaycanın məğlub durumdan qalib duruma keçid prosesinin başlanğıcı idi

"2016-cı ilin aprel döyüşləri Azərbaycanın hərb tarixində hər zaman Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dönüş nöqtəsi kimi qeyd olunmalıdır. Çünki 2016-cı il aprel ayına qədər, yəni bu döyüşlər olana qədər Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardakı mövqeyi, danışıqlardakı məqamı ilə aprel döyüşlərindən sonrakı dövr fərqlənir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.

Hərbi ekspert qeyd edib ki, aprel döyüşləri Azərbaycan xalqının Ordusuna inam və etibarını daha da yüksəltdi:

"Həmçinin, psixoloji üstünlük əldə etməyimizə, məğlub sindromundan çıxmaq istiqamətində ilkin addımlar atmağımıza rəvac verdi. Təbii ki, bununla Azərbaycan Ordusunu daha yaxından tanıdıq. Yəni, 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, texniki imkanlarını da ortaya qoydu. Bunu nəinki öz xalqımıza nümayiş etdirdi, həmçinin düşmən tərəfə, Ermənistana və Azərbaycana qarşı düşmənçilik edən, daha doğrusu, dost olmayan ölkələr də bu gücü gördülər. Bu üstünlüyümüz bizim Ermənistanın daxilindəki proseslərə müdaxilə etməyə imkan verdi. Faktiki olaraq, aprel döyüşlərində əldə etdiyimiz uğurdan qısa müddət sonra Ermənistanda siyasi çaxnaşma, siyasi gərginlik sürətlə inkişaf etməyə başladı. Qarşıdurmalar artdı, siyasi mətbəxdə daxili gərginlik gücləndi, ordu ilə siyasi rəhbərliyi arasında problemlər baş qaldırmağa başladı. Nəhayət, 2018-ci ildə Ermənistanda əli azərbaycanlıların qanına batmış Serj Sarkisyan və Robert Köçəryanın hakimiyyəti devrildi. Ardınca isə bunlar barəsində cinayət işi qaldırıldı. Bu gün də bu proses davam edir".

Ramil Məmmədli bildirib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusu Günnütdə və Tovuz istiqamətində də çox ciddi uğurlar əldə etdi:

"Ən böyük uğur isə təbii ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəmiz idi. 2016-cı ildən bu günə qədər davam edən proseslər Ordumuzun mərhələli şəkildə inkişafının nümunəsidir və bu inkişafa inkişafı biz ilk cücərtilərini, ilk imkanlarını 2016-cı il aprel döyüşlərində görürük.

Hesab edirəm ki, aprel döyüşləri Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılacaq, məğlub durumdan qalib duruma keçid prosesində Azərbaycan dövlətinin atdığı ən mühüm addımlardan biridir. Məhz bundan sonra Azərbaycan xalqında böyük əhval ruhiyyə və inam formalaşdırıldı".

Nəzrin Demokrat.az

D
demokrat.az