Petropavlovskda bir qrup fəal Qazaxıstandan "müstəqillik" elan edib və qondarma Xalq Şurasını çağırıb.
Demokrat.az Yeniavaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə 19 nəfərlik bir qrupun toplantı keçirməsini və Qazaxıstandan qondarma müstəqillik elan etməsini bildirən video yayılıb.
“Biz sərbəst və azad xalq, kişilər və qadınlar, Şimali Qazaxıstan Respublikasının Petropavlovsk şəhərinin çalışan sakinləri, Qazaxıstan Respublikası korporasiyasının hüquqi əsasının saxta olması, xalqın həyatı üçün əlverişsiz şəraitin yaradılması, habelə onun agentlərinin bacarıqsızlığı və şərəfsizliyi səbəbindən bizim sərvətimizi və resurslarımızı idarəetmə sisteminin bütün təsisçilərinə və işçilərinə tam inamsızlığımızı bildiririk. Biz xalq olaraq öz müstəqilliyimizi, sərbəstliyimizi və suverenliyimizi elan edirik. Biz sizə ümumbəşəri bölünməz milli irsin qorunub saxlanmasının labüdlüyünü, öz doğma torpaqlarında mülki mülkiyyət hüquqlarının dəyişməzliyini xatırladırıq və Şimali Qazaxıstan vilayətinin Petropavlovsk şəhərində Xalq Fəhlə Şurasını canlandırırıq”, - separatçılar bildiriblər.
Qeyd olunur ki, 2023-cü il martın 19-da keçirilən iclasda 19 fəal sədr və katib seçilib, “bəyannamə”, “nizamnamə layihəsi”, “xalq şurasının rəmzləri” adlanan sənədlər qəbul edilib, möhür və layihə təsis edilib.
İştirakçılar Qazaxıstanın təhsil, qida və tibb sistemi ilə də bağlı tənqidi fikirlər səsləndiriblər.
Milli Təhlükəsizlik Komitəsinin Şimali Qazaxıstan vilayəti üzrə departamenti sosial şəbəkələrdə “Petropavlovsk şəhər işçiləri xalq şurası”nın yaradılması ilə bağlı videoçarxın yerləşdirilməsi faktı barədə ibtidai istintaqa başlayıb.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
İş Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsi - “Kütləvi informasiya vasitələrindən istifadə edərək bir qrup şəxs tərəfindən separatizm təbliğatı” ilə açılıb. Həmin gün Milli Təhlükəsizlik Komitəsinin Şimali Qazaxıstan vilayəti üzrə departamenti və Rayon Polis İdarəsinin müstəntiqlərindən ibarət idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə prosessual prokurorlar təyin edilib.
Petropavlovsk Qazaxıstanın şimalında (Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi) Rusiya ilə sərhəddən 40 km cənubda yerləşir. Əhalisi 200 mindən çoxdur və bunların təxminən 58%-i rusdur.


