"Erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından bu gün artıq 105 il ötür. 1918-ci il mart ayında Bakıda başlayan kütləvi qırğınlarda 20 minə yaxın soydaşımız qətlə yetirilmişdi. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti Bakı şəhəri ilə yanaşı, bölgələrdə də həyata keçirilmişdi. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib.
ATXƏM sədri xatırladıb ki, erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Onun sözlərinə görə, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib:
“Sovet dövründə bu soyqırım bizə unutdurulsa da, 1998-ci ildə mərhum prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı və həmin vaxtdan yenidən bu gün Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Azərbaycan xalqının tariximizdə ermənilər tərəfindən törədilmiş soyqırımlara son 200 illik tariximizdə tez-tez rastlanır. 31 mart soyqırım günü ermənilər tərəfindən törədilən soyqırımların ümumiləşdirilmiş bir anım günüdür. Bütün dunya dövlətləri bu həqiqətləri bilsə də, bütün bu faciələrə sadəcə göz yumub. Ermənilər bu soyqırımları yalnız Azərbaycan türklərinə deyil, eyni zamanda bu coğrafiyada yaşayan azsaylı xalqlara qarşı, eyni zamanda bənzər soyqırımları Türkiyədə, Özbəkstanda, İran ərazisində yaşayan türk xalqlarına, eləcə də digər etnik mənsubiyyətə malik müsəlman xalqlara qarşı da törətmişlər. Ona görə də ermənilərin törətdiyi soyqırımlar bütün Türk dünyasının ortaq faciəsidir. Ermənilər yüz illərdir ki, özləri üçün bir türk düşmənçiliyi üzərində ideloji yaradaraq, həm özlərini, həm də onların havadarı olan bir çox dövlətləri və xalqları buna inandırmağa çalışıblar. Əslində Ermənistan dövləti və xalqı bu türk düşmənçiliyi üzərindən yeritdiyi siyasətin nəticəsində bir terror dövlətinə çevrilib. 31 mart soyqırım günü əslində bütün Türk dünyasının ortaq faciəsidir”.
İlham İsmayılov deyib ki, Ermənistanın bir dövlət olaraq mahiyyətində olan terror və aqressiyanın azalacağına ümid bəsləmək sadəlövhlük olardı:
“2020-ci ildə Azərbaycan 44 günlük Vətən savaşında Zəfər qazanandan və Ermənistanı kapitulyasiyaya məcbur edəndən sonra Ermənistanın bu məğlubiyyətdən dərs çıxaracağına ümid edənlər də olurdu. Lakin ötən son üç il ərzində biz baxırıq ki, Ermənistan bölgədə sülhün əldə olunmasında maraqlı deyil, imkan tapan kimi sərhədlərimizdə terror törətməyə meyl göstərirlər.
Hər kəs yaxşı bilməlidir ki, bu dövlət məhz terrorla bəslənir və onlar imkan tapan kimi bölgədə yenə də huzursuzluq yaratmağa çalışacaqlar.Təbii ki, ermənilərin bu xüsusiyyətindən yararlanmağa çalışan və onları Türk dünyasına qarşı hər zaman istifadə etməyə çalışan qüvvələr də olacaqdır. Bunun üçün Türk dünyasının birlik və bərabərlik içərisində olması əsas şərtdir. Ortaq faciələrimizdən ortaq gələcəyimizi inşa etməliyik”.
Aynurə Demokrat.az


