Siyasət Özəl

Hafiz Hacıyev: “Bizim vaxtımızda müavin işləyən adamlar partiya yaratmışdılar, ancaq özlərindən ibarət idi”

Hafiz Hacıyev: “Bizim vaxtımızda müavin işləyən adamlar partiya yaratmışdılar, ancaq özlərindən ibarət idi”

““Siyasi partiyalar haqqında” ölkə Prezidentinin verdiyi fərmana görə partiyaların qarşısına ciddi tələblər qoyulub. Bu tələblərin hər bir partiyanın yerinə yetirdiyinə çox az inanıram”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədir Hafiz Hacıyev deyib.

Partiya sədri Azərbaycanda 5 siyasi partiyanın fəaliyyətini rəsmi olaraq dayandırmasına da münasibət bildirib:

“Düşünürəm ki, bu bəyanatı verən partiyalar düzgün addım atıblar. Görünür ki, onların sosial bazaları və ətrafında olan insanların bu sahədə enerjiləri tükənib. Onların bu addımlarına hörmətlə yanaşıram və bunu lazımi addım hesab edirəm. Ona görə ki, bizim vaxtımızda müavin işləyən adamlar partiya yaratmışdılar və yalnız özləri idi. Təbii ki, bu partiyalara hörmətsizlikdir. Partiyaların arxasında insanlar olmalı, partiyalar seçkidə iştirak etməlidir. Yoxsa hər yerindən duran bir partiya yaratsın və başlasın partiyanın adından müəyyən bəyanatlar versin, müəyyən danışıqlar aparsın. Əlbəttə ki, bu partiyaların nüfuzunu hörmətdən salır. Həmin partiya rəhbərləri dövlət başçısının fərmanına hörmətlə yanaşıblar. Özləri də bilirlər ki, 5000 imzanı toplamaq onlar üçün çox çətin məsələdir. Ancaq indi onlar başqa partiyalara da qoşula, müəyyən yerlərdə öz siyasi fəaliyyətlərini davam etdirə bilərlər. Elə bir faciə deyil, sadəcə olaraq onlar uğurlu bir addım atıblar”.

Partiya sədri əlavə edib ki, bu gün partiyaların qarşısında çox böyük və məsuliyyətli vəzifələr durur:

“Bilirsiz ki, ölkəmiz "qaynar qazan" içində sanki çabalayır. Sağdan-soldan, bütün ideoloji baxımdan, bütün qonşu dövlətlər, o cümlədən bizə düşmən olan dövlətlər, üzdə dost olan dövlətlərin hamısı bizə hücum edir. Bunun da hamısı hələlik ideoloji sahədə gedir. Yəni İdeoloji müharibə gedir və ideoloji müharibədə də layiqincə bizi təmsil edən insanlar lazımdır. Bu gün ölkəmizdə bir özü və partiyası olanlar var. Onlar da bəri başdan istefa versələr, fəaliyyətlərinə xitam verilməsi haqqında bəyanat versələr, daha yaxşı və uğurlu ola bilər. Cəmiyyətdə də hörmətlə qala bilərlər. İstefa verən hər bir partiya sədrini tanıyıram və onlara çox böyük hörmətim var, münasibətlərim olubdur. Onların bu addımını hörmətlə qarşılayıram və Azərbaycanın gələcəyi naminə bir vətəndaş kimi də fəal olmalarını arzu edirəm. Arzum budur ki, digər partiyalar da bizim beş partiyanın sədrindən nümunə götürsünlər. O partiyalar ki, özləri bu gün bilirlər ki, kimləri nəzərdə tuturuq, onların da heç bir fəaliyyəti yoxdur şərdən-böhtandan başqa. Orada-burada siyasi demaqoqla məşğul olurlar və başqa elə bir fəaliyyətləri yoxdur. O cümlədən adını müxalifət qoyub, 30 ildir xalqı aldadanlar da var. Yəni bilsinlər ki, siyasi demaqoqluq eləmək partiya sədri olmaq demək deyil. Xalqı da aldatmağa ehtiyac yoxdur.

30 ildir “mən ana müxalifətəm, dədə müxalifətəm, baba müxalifətəm, gəlirəm” deməklə Azərbaycanda yetişən yeni qüvvələrə, yeni siyasi partiyalara imkan vermirlər, xalqla dövlət arasında böyük baryer yaradan partiyalarımız var. İstərdim ki, o partiyalar üzüsulu ikən siyasi səhnədən çəkilsinlər!

Zaman- zaman öz sözümüzü demişik və bundan sonra da öz sözümüzü, dövlətçilik naminə, Vətənimizin qorunması naminə dövlət başçısının apardığı siyasətin dəstəklənməsi naminə vətənimizə əl uzadılan xain qüvvələrə qarşı axıra qədər mübarizəmizi davam etdirəcəyik.

Müasir Müsavat Partiyası dörd dəfə prezident seçkilərində, parlament seçkilərində, bələdiyyə seçkilərində iştirak edib və kifayət qədər də xalq arasında çox böyük nüfuzu olan bir partiyadır. Düşünürəm ki, bundan sonra da xalqımıza və dövlətimizə xidmət etməsində öncül yerlərdən birini tutacağıq”.

Nəzrin Demokrat.az

D
demokrat.az