Sosial

Ağalar Vəliyev Novruz bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları göndərib

Ağalar Vəliyev Novruz bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları göndərib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Novruz bayramı münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1015 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Təbrik məktubunda Novruz bayramının Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün və ənənələrinin, milli varlığının və mədəni sərvətlərinin dolğun təcəssümü olan müqəddəs el bayramı olduğu bildirilib. Vurğulanıb ki, artıq üçüncü ildir xalqımız bu bayramı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan böyük Zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və yenidənqurma işlərindən, eləcə də Böyük Qayıdışdan doğan qürur və fəxarət hissləri ilə qeyd edir. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi bundan sonra da əbədi yaşayacaq. Novruz bayramı günlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunub və igid qazilərimizə şəfa dilənib. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlara bildirilib ki, belə aksiyalar bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

NE
Nihadə Eyyubova