"Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri bütün dünya siyasətçilərinin diqqət mərkəzindədir. Bu da əsassız deyil. Çünki seçkilərin nəticəsi Türkiyənin daxili siyasətində təsirsiz ötüşməyəcəyi kimi, bu ölkənin xarici siyasətində də dərin iz buraxacaq. Buna görə də, seçkidə qalib gəlməyə daha yaxın siyasətçilərin siyasi baxışları müzakirə edilir və gələcəkdə onların ata biləcəkləri addımlar haqqında proqnozlar verilir. Bu seçkidə Ərdoğanın seçilməməsi şəraitində Azərbaycanla münasibətləri hansı istiqamətdə olacağı ciddi maraq doğurur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Politoloq qeyd edib ki, may ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə hazırki iqtidar partiyasının seçkiləri uduzması çox zəif ehtimallara əsaslanır:
"Bu gün dəfələrlə olduğu kimi, türkiyəli seçicilərin favoriti AK Parti və şəxsən Rəcəb Tayyib Ərdoğandır. Türkiyədə əhali bu siyasətçini prezident kürsüsündə əvəz edə biləcək bir şəxsin hələ ortaya çıxmadığı qənaətindədir. Mən də Türkiyədə keçirilən debat və müzakirələrə istinadən hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan və onun başında durduğu AK Parti yenə də həm prezident, həm də parlament seçkilərinin qalibi olacaq.

Düşünürəm ki, bununla da müsahibəyə yekun vurmaq olardı. Amma sualın ikinci tərəfinin cavablandırılması da zəruridir və siyasət belə bir çox məşhur deyim var: Heç vaxt heç vaxt demə! Bütün proqnozlara rəğmən iki aydan sonra Türkiyədə keçiriləcək seçkilər nəticəsində hakimiyyət dəyişikliyi baş verərsə, bu dəyişikliyin Azərbaycan-Türkiyə münasibətlərinə ciddi təsir göstərməyəcəyi fikrindəyəm. Çünki bu münasibətlər təkcə dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən münasibətlər deyil. Bu münasibətlərin indiki səviyyəyə qədər inkişaf etdirilməsində həm də artıq indi ayrılmaz hala gəlmiş iki qardaş xalqın rolu əvəzsizdir. Bu xalq yenə də öz sözünü deyəcək və Azərbaycan-Türkiyə münasibətləri daha da yüksək səviyyəyə çatdırılacaq".
Aynurə Demokrat.az


