Gündəm

Fərid Səfərlinin anası oğlunun şəriət qanunları ilə cəzalandırıldığını ehtimal edir

Fərid Səfərlinin anası oğlunun şəriət qanunları ilə cəzalandırıldığını ehtimal edir

“İrana səfər etdiyi güman edilən və yaxınları ilə əlaqəsi kəsilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin harada olmasına dair hələ də məlumat yoxdur”.

Demokrat.az xəbər verir ki, bu barədə onun anası Dilarə Əsgərova “BBC News Azərbaycanca”ya bildirib.

D.Əsgərovanın sözlərinə görə, oğlu ilə sonuncu dəfə martın 3-də əlaqə saxlayıb.

Almaniyanın Yena Universitetində magistr təhsilini bu il başa vuran Fərid Səfərlinin anası deyib ki, oğlu ona İrana gedəcəyini deməyibmiş: “Çünki bilib ki, icazə verməzdim. Fərid fevralın 20-dən İranda imiş. Dostlarının mənə bildirdiyinə görə, İranda sevdiyi qız var imiş. Fəridgilin universitetində oxuyanda tanış olublarmış. Onunla görüşmək üçün gedib. Əvvəl Türkiyədə görüşəcəklərmiş, sonradan isə İrana gedib”.

D.Əsgərovanın sözlərinə görə, ayrı şəhərdə yaşayan oğlu getdiyi gündən evdə olduğunu deyirmiş. Bu arada, onun dostlarından yalnız bir nəfərin iranlı sevgilisi barədə xəbəri olub, lakin o, da həmin xanımın kim olduğunu dəqiq bilmir:

“Ən azından qızı tanısaydıq, onunla əlaqə qurmağa çalışardıq”. Çarəsiz qaldığını deyən ana bildirib ki, hələlik Azərbaycanın və İranın Almaniyadakı səfirliklərinə müraciət ünvanlayıb. Lakin İranın Almaniyadakı səfirliyindən cavab almayıb.

“Mənim olduğum şəhər İranın Almaniyadakı səfirliyindən çox uzaqdadır. Amma cümə günü cavab ala bilməsəm, özüm İran səfirliyinə gedəcəm. Hazırda Azərbaycan səfirliyinin verdiyi notaya cavabı gözləyirəm”.

Dilarə Əsgərova ümid edir ki, cümə günü Azərbaycan XİN-dən də rəsmi məlumat ala biləcək:

“İstəyirəm oğlumun sevgilisinə müraciət edim. Düzdür, o, farsdır, yəqin ki, Azərbaycan dilini bilmir. Amma əgər bu dediklərimi oxuyacaqsa, xahiş edirəm, mənim Facebook profilimə yazsın. Mənim profilim paylaşılıb, məni tapa bilər. Xahiş edirəm, mənə yazsın. Çünki oğlumu sonuncu dəfə o görüb”. Dilarə Əsgərova oğlunun qadınla görüşə getdiyi üçün şəriət qanunları ilə cəzalandırıldığını və ya Azərbaycanla İran arasında son aylarda baş verən gərginliklərə görə saxlanıldığını ehtimal edir.

Azərbaycan XİN bildirib ki, Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri aparılır və məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə hücum edilib, nəticədə mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, daha iki nəfər xəsarət alıb. Baş verən hadisə İran Azərbaycan arasındakı münasibətləri gərginləşdirib.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlara “zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini” tövsiyə edib.

Demokrat.az

D
demokrat.az