Quba rayonunda 1973-cü il təvəllüdlü Həsən həmkəndlisi Musaya (adlar şərti verilib – red.) qarşı xuliqanlıq hərəkətləri edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 7-də Qubanın kəndlərindən birində baş verib.
Həsən həmin gün, saat 20.30-da küçədə həmkəndlisi Musanı və onun aləsini söyüşlərlə təhqir edib.
İş üzrə izahat verən Həsən bildirib ki, hadisə günü, axşam saat 20.30-da qaynıgildən gələrkən əlində olan fənərlə küçəyə və həmkəndlisi Musanın yaşadığı evə işıq salıb: “Musa həyətə çıxaraq mənə irad bildirdi. Buna görə də aramızda mübahisə düşdü. Mübahisə zamanı əsəbləşərək Musanı söydüm. Həmin vaxt səs-küy olduğundan, Musanın yoldaşı da gəldi və mənə irad bildirdi”.
Həsən əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib.
İş üzrə zərərçəkmiş Musanın sözlərinə görə, Həsən dəfələrlə belə hərəkətlər edərək onu və ailəsini narahat edib: “Yaşadığım evin pəncərəsinə telefon işığı vurur və pəncərəyə daş atır. Həmin gündə Həsən belə hərəkəti edən zaman həyətə çıxdım. Onu tutmaq istəsəm də, qaçaraq, məni nalayiq söyüşlərlə təhqir etdi. Evdə anam, yoldaşım və uşaqlarım Həsənin hərəkətlərindən dəfələrlə narahatlıq keçiriblər”.
İş üzrə Musanın həyat yoldaşı izahıtnda bildirib ki, Həsən daha əvvəl də bu cür hərəkətlər etsə də, ehtiyat edərək yoldaşına bu barədə deməyib. Onun sözlərinə görə, Həsənin həmçinin kənd camaatına qarşı da bu cür hərəkətlər edib.
Həsənin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
İş baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. Hakim Aydın Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Həsən 6 gün müddətində inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Həsən orta təhsillidir, həm də evlidir.
Fariz Məlikli Demokrat.az


