Siyasət

"Ümummilli Liderin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır"

Ümummilli Liderin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır

"Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində hakimiyyətinin hər iki dövründə bütün ömrünü xalqının və dövlətinin rifahına həsr edərək ölkəmizi böyük bəlalardan xilas etdi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkməmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir. Ulu Öndər qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider bildirirdi: «Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

"Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev İli» elan edilməsi, 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət «Azərbaycan Respublikasında 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi ilə bağlı Tədbirlər planını təsdiqləməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha geniş təhlilinə, fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə yeni elmi araşdırmaların aparılmasına nəşrinə imkanlar yaradacaq. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr etmişdi: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam.» Ümummilli Lider bu fikirlərinin davamı olaraq bildirmişdir ki, mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir".

K.Bayramov qeyd edib ki, Ulu Öndərin hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işlər misilsizdir:

"Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması mühüm şərt idi. Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. Azərbaycanda qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Ulu Öndər yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya rəhbərlik etdi. Konstitusiyamız 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu tarixi günlərdə ulu öndər Heydər Əliyev deyirdi: «Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Deputat vurğulayıb ki, Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin rolunu önə çəkərək bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünsüzdür.

"Məhz, Ulu Öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun göstəricisidir. Bu sazişin imzalanması ilə həm Azərbaycanın iqtisadi qüdrəti artdı, həm də etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. «Əsrin müqaviləsi»nin imzalanmasından ötən zamana diqqət yetirsək ölkə iqtitsadiyyatının böyük inkişaf yolu keçdiyini qürur hissi ilə qeyd edə bilərik. Ölkəmizin enerji sektorunda qazanılan uğurların miqyası ölçüyəgəlməzdir. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu sahədə görülən işlərin hesabatı kimi dəyərləndirilir".

K.Bayramov diqqətə çatdırıb ki, milli ordu quruculuğu sahəsində də Ulu Öndərin misli görünməmiş xidmətləri olub. Dahi şəxsiyyətin rəhbərliyi ilə hələ sovet dönənimdə ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Müstəqilliyin ilk illərində milli ordunun formalaşdırılması, silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb, orduda kütləvi fərarilik hallarına son qoyulub, hərbi intizam möhkəmləndirilib. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra ordunun formalaşdırılması daha da sürətləndi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Deputat xüsusi olaraq bildirib ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı:

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyev cənablarının möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Qarabağın 30 il ərzində mənfur qonşumuz Ermənistanın işğalında olan ərazilərimizin azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur. Vətən müharibəsində Zəfər qazanmağımız sübut etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti uğurla həyata keçirilib. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi, Ermənistanın 30 illik işğalına son qoydu. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində Azərbaycan xalqı 200 illik tarixi haqqını bərqərar etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət edib. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var.Hazırda bu siyasət uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır".

Aynurə

D
demokrat.az