Xarici siyasət

“Nuru Paşanın Türkiyə – Azərbaycan münasibətləri tarixinə parlaq səhifələr yazdığı şübhəsizdir”

“Nuru Paşanın Türkiyə – Azərbaycan münasibətləri tarixinə parlaq səhifələr yazdığı şübhəsizdir”

Qafqaz İslam Ordusunun 29 yaşlı komandanı Nuru Paşa Killiğilin Azərbaycanın hərb tarixinə və ümumən Türkiyə – Azərbaycan münasibətləri tarixinə parlaq səhifələr yazdığı şübhəsizdir.

XX əsrin əvvəllərində Azərbaycanın öz müstəqilliyini qazanmasından, həmin tarixi şəraitdən, bolşevik-daşnak zülmünə qarşı qardaş Türkiyənin Azərbaycan xalqına göstərdiyi köməkdən söz açılarkən böyük minnətdarlıqla xatırlanan şəxsiyyətlərdən biri heç şübhəsiz ki, Nuru paşadır. Bu da təsadüfi deyil, çünki Nuru paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun Azərbaycandakı bir neçə aylıq fəaliyyəti minlərlə insanı sürətlə genişlənməkdə olan bolşevik-daşnak qırğınlarından qurtarmaqla bərabər, Azərbaycanın müstəqil dövlətçiliyi üzərində mövcud olan real təhlükəni də aradan qaldırmışdı. Azərbaycan tarixinin ən dəyərli səhifələrindən biri olan və bütünlükdə Şərqdə demokratik dövlət quruculuğunun əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunda Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının da mühüm rolu vardır. Həmin əməkdaşlığın həyata keçirilməsində isə Nuri paşanın xidmətləri danılmazdır.

Məlumdur ki, Nuru paşa 1918-ci ilin mayında Azərbaycana gələrək, Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, türk hərbi qüvvələrinin Azərbaycana gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynayıb. Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizləyərək 15 sentyabrda Bakının azad edilməsində müstəsna xidmətləri olan Nuru Paşa daha sonra Qarabağa gedərək torpaqlarımızın erməni daşnaklarından təmizlənməsi əməliyyatına rəhbərlik edib və nəhayətdə uğurlu döyüşlərlə türk-azərbaycanlı hərbçilər Şuşaya daxil olaraq, şəhərdə Azərbaycan bayrağını qaldırıblar.

1918-ci il oktyabrın 30-da imzalanmış Mudros müqaviləsindən sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalsa da Nuru paşa bir çox silahdaşlarıyla birlikdə Azərbaycanın müstəqilliyinin qorunması işində axıradək iştirak etmək üçün Azərbaycan ordusuna qoşulduqlarını bildirdilər. Bakıya daxil olmuş ingilis hərbi qüvvələrinin komandanlığı bununla razı olmadı və onda Nuru paşa Türkiyəyə qayıtmaq məcburiyyətində qaldı. Amma o sonradan bir də Azərbaycana qayıtdı və Azərbaycana istiqamətlənmiş xarici təcavüzə qarşı öz mübarizəsini davam etdirdi. Belə ki, Nuru paşa 1920-ci ilin aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, bolşeviklərə qarşı döyüşlər aparıb, aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırıb.

1920-ci il sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu və Sarıqamış ətrafında döyülərə qatıldı. Nuru paşa bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu və bir daha Azərbaycana bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş də uğurlu oldu və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda idi.

Görkəmli komandan olmaqla yanaşı Nuru Paşanı mübahisəsiz Türkiyə Hərbi Sənayesinin banisi də adlandırmaq mümkündür. Belə ki, keçən əsrin 30-cu illərindən etibarən Nuru paşa sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladı və vaxt ötdükcə bu fəaliyyətini genişləndirməyə müvəffəq oldu. İkinci Dünya müharibəsi illərində İstanbulun Sütlücə məntəqəsində Nuru paşanın rəhbərlik etdiyi fabrikdə silah və sursat istehsal olunurdu. Elə həmin fabrikdə 1949-cu il martın 2-də baş verən güclü partlayış nəticəsində də həyatını itirdi.

Nuru paşa Azərbaycan xalqı üçün türk xalqının ağır günlərdə Azərbaycan xalqına göstərdiyi qardaşlıq yardımının timsalıdır və onun xatirəsi hər zaman yaddaşlarda qalacaq. Arzu edərdim ki, bu dahi insanın adının əbədiləşdirilməsi üçün də müvafiq addımlar atılsın və bu il Bakının işğaldan azad olunmasının 105-ci ildönümündə Nuru Paşanın abidəsinin ucaldıldığına və adına küçə və parkların verilməsinə şahidlik edək.

Yusif Bağırzadə

D
demokrat.az