Bakının Sabunçu rayonunda 1998-ci il təvəllüdlü Elçin bibisinin həyat yoldaşı Elmara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bir neçə ildir ki, bibisi Məlahət və onun ailəsi ilə birgə yaşayır: “Birlikdə yaşadığım müddət ərzində bibim ilə onun yoldaşı Elmarın mübahisələrinin şahidi olmuşam. Onlar arasında mübahisənin baş verməsinə səbəb Elmarın spirtli içki qəbul edərək səbəbsiz yerə mübahisə etməsi olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 4 yanvar 2023-cü ildə, saat 22 radələrində yaşadıqları evə gəldiyi zaman Elmarın yenə də spirtli içki qəbul edərək bibisi Məlahət ilə mübahisə etdiyini görüb: “Elmarı sakitləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Elmar bibimin ünvanına işlətdiyi nalayiq ifadələri qəbul edə bilmədiyim üçün əsəbləşdim. Evin qonaq otağında Elmarın üz nahiyəsinə əlim ilə bir neçə dəfə zərbə vurdum. Bu zaman Elmarın burnundan qan gəldiyini gördüm və öz hərəkətlərimi sonlandırdım”.
Cinayət işi üzrə zərərçəkmiş Elmarın sözlərinə görə, təqsirləndirilən şəxs onun qaynı oğludur və onlarla birgə yaşayır: “Müxtəlif səbəblərə görə arvadım ilə aramızda mübahisə yarandı. Hər dəfə Elçin bizim mübahisələrinə qarışmışdır. Yanvarın 4-də, saat 22 radələrində spirtli içki qəbul edərək evə getdim. Evdə olduğumuz zaman arvadım ilə aramızda mübahisə yarandı. Həmin vaxt Elçin evə gələrək bizim mübahisəmizə müdaxilə etdi. Elçinə ailə məsələlərimizə qarışmamasını bildirdim. Evin qonaq otağına keçdikdən sonra Elçin mənimlə mübahisə edərək yumruqla bir neçə dəfə üz nahiyəmə vurdu. Burnumdan qan gəldiyini görərək daha vurmadı”.
Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən məhkəmə Elçinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


