Qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı deməkdir. Ümumiyyətlə, gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. 
Gender, ailə və demoqrafiya məsələlərinə toxunan sosioloq Əhməd Qəşəmoğlu Demokrat.az-a açıqlamasında deyib ki, bu gün ailələrdə yaranan problemlərin kökündə sağlam ailə institutunun inkişaf etdirilməsi durur: 
Sosioloqun fikrincə, Qərb mədəniyyəti rasional düşüncə, praqmatik dəyərlər əsasında formalaşıb:
“Orada insanlar biri-birilə sanki müqavilə əsasında münasibət qururlar, münasibətlərində rəsmilik var. Ancaq Şərq insanı isə belə deyil. Azərbaycan ailəsi min illər boyu ərzində tamam başqa dəyərlər əsasında formalaşmışdır. Bu gün yaşadığımız cəmiyyətdə ailələrimizi 50-60 il bundan qabaqkı ailələrlə müqayisə etmək olmaz. Çünki indiki ailələrdə arzuolunmaz deformasiya prosesləri getməkdədir və şiddət halları da artmaqdadır. Hesab edirəm ki, biz cəmiyyətimizin mahiyyətinə uyğun gender bərabərliyinin nə olduğunu aydınlaşdırmalıyıq. “Bizdə gender bərabərliyi dünyanın hər yerində olduğu kimidir” demək düzgün deyil və bu, bizə lazım da deyil. Bizə əsas lazım olan odur ki, ailələrimizdə daha ahəngdar münasibət olsun. Fikrimcə, Azərbaycanda gender bərabərliyini faydalı vasitə kimi istifadə etmək üçün xeyli tədqiqat aparılması zəruridir. Yəni, elmi tədqiqatlar, araşdırmalar aparmadan ölkəmizdə gender bərabərliyindən danışmaq düzgün olmaz. Yalnız bu cür tədqiqatlardan sonra Azərbaycanın hansı ərazisində gender münasibətlərinin arzuolunan şəkildə olduğunu dəqiq deyə bilərik”.
Azərbaycan Yüksəliş Partiyasının müavini Gülşən Hacı deyir ki, kişilər və qadınlar arasında bərabərliyin təmin olunması təkcə hüquqi baza və qanunvericiliklə reallaşdırılmamalıdır:
“Fikrimcə, insanlar bərabərlik anlayışından qorxmamalıdır. Onu bilməlidirlər ki, gender bərabərliyi dedikdə nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi başa düşülür. Bildiyimiz kimi, ölkəmizdə kişilərlə qadınların bərabərliyi hər zaman diqqət mərkəzindədir. Azərbaycan qadını bu gün məktəblərdə, ali təhsil ocaqlarında, universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur. Ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında onların rolu danılmazdır. Həmçinin, yetərincə diplomat qadınlarımız və qadın idmançılarımız var ki, bayrağımızı ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırırlar. Bütün bu faktlar onu deməyə əsas verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var”. 
“Çünki ailədaxili məsələ deyib, göz yumduğumuz, əhəmiyyət vermədiyimiz problemlər bütünlükdə cəmiyyətin problemidir. Cəmiyyətin problemidirsə, o zaman dövlət bu məsələnin həlli üçün daha çox səy göstərməlidir. Məsələn, polis və prokuror orqanlarında təhqiqatçıları və müstəntiqləri qadın olan Qadın Zorakılığına qarşı Əlahiddə Mübarizə İdarələri (və ya şöbələri) yaradıla bilər. Çünki qadınlar məişət zəminində başlarına gələn ən xırda hadisələri və yaxud da zorakılıqları tam təfərrüatları ilə həmin orqan nümayəndələrinə danışa bilərlər. Ona görə ki, çox halda qadınlar başlarına daha dəhşətli hadisələrin gəlməsindən qorxur və şikayət etmirlər. Nəticədə nə baş verir? Bu kimi hallar yenə də qadınların başına problem açır. Fikrimcə, müvafiq dövlət qurumları bu məsələdə ictimai-siyasi təşkilatların çağırışlarını eşitməli və onlarla əməkdaşlığa açıq olmalıdır. Müvafiq dövlət qurumları qadın hüquqları ilə bağlı QHT, siyasi partiyaların qadın təşkilatları ilə əlaqədə olmalı, təkliflərini, hesabatlarını, təşəbbüslərini nəzərə almalıdır”.
Onun sözlərinə görə, qadın qətlləri, ümumiyyətlə, qadınların hüquqlarının pozulması məsələsində yazılı mətbuatın, televiziyaların çox böyük təsirinin olması danılmazdır:
“Bu gün diqqət yetirsək, televiziyaların əksəriyyətində göstərilən qadın verilişləri reytinq, maddi gəlir üçün şoulara çevrilib. Demək olar ki, televiziya ekranlarında şiddət və zorakılıq aşılanır. Saatlarla davam edən bu tipli verilişlərdə hadisələrin əsas səbəbi bir kənarda qalır və şiddətə məruz qalan qadınlar sorğulanır. Yəni, bir növ “yaxşı qadını öldürməzlər” kimi qorxunc fikirlər aşılanır. Habelə, cəmiyyətdə zorakılıq edən kişilərə haqq qazandırılmasına çalışılır. Belə olan halda, şəxsiyyəti tam formalaşmamış, cahil, uşaqlıqdan ağır travmalar almış insanlar şiddətə meyllənir, nəticədə ortaya belə ağır tablolar çıxır. Çox təəssüf ki, televiziya kanallarındakı o təhlükəli verilişlərə müdaxilə edilmir. Halbuki, cəmiyyət üçün təhlükə əsasən nifrət saçan o verilişlərdir. Hesab edirəm ki, bu kimi verilişlərlə qadın və kişi hüquqları tamamilə pozulur. Kişilərə isə daha çox haqq qazandırılır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb
Mövzu: “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”
Aynurə Pənahqızı Demokrat.az


