“XX əsrin sonlarında doğru təkcə Ermənistan deyil, həm də Ermənistanı himayə edən dövlətlər tərəfindən Azərbaycan türklərinə qarşı bir çox qırğınlar törətdilib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında tarixçi-alim, Faiq Ələkbərli deyib. Tarixçi-alim bildirib ki, Bağanis-Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Xocalıda törədilən qırğınların əsas məqsədi məhz azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti idi:
“Erməni faşizminin ən qəddar əməli 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı oldu. Lakin Xocalı soyqırımınadək ermənilər Qazax rayonunun Bağanis Ayrım kəndində, Qarabağın İmarət-Qərvənd, Tuğ, Salakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin dinc əhalisi olan azərbaycanlılara qarşı qətliamlar törətdilər. Bu kəndlərin hamısının əhalisi Azərbaycan türkləri idi. Təbii ki, bu şəhərlərdə əhalinin vəhşicəsinə kütləvi qırğını Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə həyata keçirildi. Sirr deyil ki, qətliam zamanı beynəlxalq hüquq normaları kobud şəkildə pozuldu. İnsanlar əzizlərinin gözü qarşısında güllələnmiş, başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmişdi. Hətta insanlar diri-diri torpağa basdırılmış, erməni qəbirləri üzərində “qurban” kəsilmişdilər. Təbii ki, bütün bunlar Ermənistan havadarları ilə birgə həyata keçirmişdi”.
F.Ələkbərli qeyd edib ki, əsas məqsəd bölgədə yaşayan türkləri, azərbaycanlıları məhv etmək olub:
“Ermənistan burada maşa rolunu oynayırdı. Çünki Ermənistanın arxasında müəyyən qüvvələr dayanmasaydı, şübhəsiz ki, onlar bu qədər Azərbaycan türklərinə qarşı qırğınlar törətməzdilər. Faciənin əsas mahiyyəti etnik təmizləmə idi. Bölgədə yaşayan türklərini məhv etmək və Azərbaycanla Türkiyə arasında sərhəd zolaqlarını daha da genişləndirmək idi. Təbii ki, bölgədə müəyyən anlamda xristian Ermənistanı gücləndirmək , müstəqilliyini əldə etmiş Azərbaycanı qarışdırmaq idi. Digər tərəfdən, burada da İranın barmağı da var idi. Cənubi Azərbaycan məsələsində Azərbaycanın güclü olmaması üçün bu və ya digər şəkildə həmin qırğınların törədilməsində İran maraqlı idi. Deyərdim ki, heç də Fransadan və Rusiyadan az dəstək vermirdi, bu gün də o dəstəyi verir. Onlar insanlar arasında ruh düşkünlüyü yaratmağa, qırğınlar törətməklə dövlətçilik şüurunu zəiflətməyə çalışırdılar. Təbii ki, biz bu kimi qırğınlardan nəticə çıxarmalıyıq. Düşmənlərimiz bu oyunu oynamaqda davam edirlər. Biz bu silsilə qətliamları heç vaxt unutmamalıyıq”.
Aynurə Demokrat.az


