"İranın Zəngəzur dəhlizi ilə bağlı müqavimətinin heç bir mənası yoxdur. Çünki Zəngəzur dəhlizi təkcə beynəlxalq ədalətin bərpa olunması deyil, həm də bütün region və qlobal kommunikasiya, iqtisadi fəallıq imkanları üçün önəmli bir yenilik deməkdir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib.
Analitik vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşmağı təkcə bizim regiona deyil, bütövlükdə qlobal, iqtisadi, siyasi münasibətlər sisteminə yeni töhfələr bəxş edəcək:
"Bu yeni töhfələrin qarşısını almaq, istənilən halda İran üçün o qədər də mümkün olan bir məsələ deyil. Sadəcə olaraq, İran atdığı addımlarla su bulandırmaqla məşğuldur. Bu gün İranın Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqenin heç bir elmi dayanağı və əsası yoxdur. Əslində görünür ki, İranın molla rejiminin regiona yanaşması, beynəlxalq münasibətlər sistemində tutduğu mövqe elmi- rasional diplomatiya qaydalarına söykənmir. Sırf ideoloji tezislərlə, eyni zamanda tarixi düşmənçilik və qorxu xofu ilə Güney Azərbaycan məsələsində çəkingənliyə görə kampaniyanın aparılması İranı nüfuzdan saldı. Azərbaycan və Türkiyə ilə formalaşa biləcək gələcək yönümlü mühüm əlaqələr yerinə soyuq münasibətlərin formalaşmasına səbəb oldu. Amma istənilən halda Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün mühüm dövlətlərin iradələri var. Belə qlobal siyasi və iqtisadi maraqlar ortada ikən İranın bu məsələni sabotaj etməsinin heç bir əsası yoxdur. Əvvəl-axır İran Zəngəzur dəhlizi reallığı ilə barışmaq məcburiyyətində qalacaq".
Aynurə


