Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq böyük iradənin, qətiyyətin, bir sözlə, müstəqil siyasətin nəticəsidir. Təbii ki, dövlətin müstəqilliyi yalnız onun atributları ilə ölçülmür. 
Ermənistanın müharibə cinayətləri ilə bağlı Demokrat.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi İlyas Hüseynov vurğulayıb ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı insanlıq əleyhinə çoxsaylı cinayətlər törədilib. Onun sözlərinə görə, bunlar insanlıq və bəşəriyyət əleyhinə cinayətlərdir: 
Müsahibimiz bildirib ki, bu cinayətlərə hüquqi qiymət verilməlidir:
“Azərbaycan beynəlxalq müstəvidə müxtəlif iddiaları qaldıranda, müxtəlif müzakirələrin keçirilməsini tələb edəndə erməni lobbisi, korrupsiyaya bulaşmış siyasətçilər, onların dərin nüfuz etdiyi institutlar erməniləri müdafiə etməyə qalxır və sanki bu cinayətləri himayə edirlər, göz yumurlar. Bu cəzasızlıq şəraitində yeni cinayətlərin yaranmasına da şərait formalaşdırılır. Heç kim zəmanət verə bilməz ki, Ermənistan tərəfi növbəti dəfə hansısa məkrli, faşist ideologiyasından irəli gələn addımlara imza atmayacaq. Bu gün Azərbaycanın güclü ordusu, xalqımızın böyük iradəsi var. Vətən müharibəsində qalib gəlmiş böyük xalqımız istənilən təxribatların qarşısını müvəffəqiyyətlə almağa qadirdir. Lakin biz hər zaman öz siyasi, hüquqi, iqtisadi dayanıqlığımızı daha da genişləndirməliyik ki, təhlükəsizliyimizi və müdafiəmizi etibarlı şəkildə qoruya bilək”.
“Digər tərəfdən, çoxsaylı cinayətlərə dair yerli və xarici hüquq ekspertləri ilə birlikdə bu iddiaların, müraciətlərin sayı çoxalmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan dövləti hansı simanın sahibidir, hansı cinayət əməllərinə imza arıb. Fərqi yoxdur bugünkü iqtidar onu edib, ondan əvvəlki iqtidarlar edib. Bu, bir siyasi məsələ deyil, bu insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Ona görə də, bu cinayətlərə hüquqi qiymət verilməsi növbəti cinayətlərin qarşısını ala bilər. Əgər vaxtında Xocalı soyqırımına hüquqi qiymət verilsəydi, bu cinayət əməlləri ört-basdır edilməsəydi, o anda da soyqırım törədilməzdi. Görün ki, Azərbaycan ərazisində, Azərbaycan dövlətinin müxtəlif yaşayış məntəqələrində törədilən cinayətlər həm də cəzasızlıq səbəbindən digər coğrafiyalarda baş verir. Ona görə də, burada selektiv yanaşma, cinayətlərin ört-basdır edilməsi, sanki laqeyd münasibət, həm də bəşəriyyət əleyhinə olan yeni cinayətlərin yaranmasına səbəb olur. Bu baxımdan, Azərbaycan, Beynəlxaq Ədalət Məhkəməsi, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqının Parlamentinə və digər qurumlara öz haqlı mövqeyindən doğan müraciətlərini davam etdirməlidir. Baxmayaraq ki, buralarda ermənilərin mövqeləri güclüdür.”, - deyə politoloq qeyd edib.
Milli Məclisin üzvü Ceyhun Məmmədov hesab edir ki, dövlətimiz Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Deputat qeyd edib ki, Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir:
“Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində bütün cəmiyyətimiz fəallıq göstərir. Ancaq hesab edirəm ki, burada bir neçə istiqamətdə də işlər aparılmalıdır. Birincisi, bu məsələdə Azərbaycanın xaricdəki səfirlikləri çox fəal olmalıdırlar. Davamlı olaraq xarici ölkələrdə fəaliyyət göstərdikləri ölkələrin media və rəsmi qurumlarla görüşlərdə bu vəhşilikləri çatdırmalıdırlar. İkincisi, xaricdəki diasporamız, azərbaycanlılar çox fəal olmalıdırlar. Azərbaycan həqiqətlərinin çatdırılması, erməni vəhşiliyinin ifşası üçün səylərini davamlı şəkildə gücləndirməlidirlər. Bu, çox önəmlidir. Üçüncüsü, hesab edirəm ki, vəhşiliklərin çatdırılması üçün bu məsələlərə dair məlumatlar müxtəlif dillərə tərcümə edilərək, ayrı-ayrı ölkələrdə yayımlanmalıdır. Yəni, söhbət ABŞ, Fransa, İtaliya, ərəb və digər ölkələrdən gedir. Bu gün bəzən biz özümüz danışıb, özümüz eşidirik. Amma çalışmalıyıq ki, daha çox belə məlumatları, belə istiqamətdə fəaliyyəti biz xaricdə quraq və xaricdə təbliğat aparaq”. 
“Həmçinin, bu sahədə kitablar nəşr olunmalıdır. Dünyanın tanınmış şirkətlərində, qəzetlərində ensiklopediyalarında, elektron və qeyri-elektron ensiklopediyalarında bu istiqamətdə müxtəlif məlumatları və bilgiləri yayımlanmalı, təbliğ etməliyik. Nəzərə almalıyıq ki, ermənilər bu istiqamətdə fəaliyyət aparırlar və əksər ölkələrdə, qurumlarda dünyanı öz yalanlarına inandıra biliblər. Dünya ictimaiyyəti bəzən ermənilərin uydurduqları məlumatlara daha çox üstünlük verir və daha çox bu istiqamətdə təbliğatın aparıldığının şahidi oluruq. Daha çox çalışmalıyıq, daha səy göstərməliyik, daha çox addımlar atmalıyıq ki, biz qısa vaxtda qarşıya qoyulan hədəflərə nail olaq. Xarici televiziyalarda, radiolarda bu istiqamətdə verilişlər olmalıdır. Azərbaycanın mətbuu orqanlarında rus, ingilis, fransız dillərində məlumatların yayılmasına geniş yer verilməlidir ki, biz bütün bu qarşımıza qoyduğumuz hədəflərə, məqsədlərə çata bilək. Burada görüləsi işlər çoxdur, hesab edirəm ki, çox çalışmalıyıq. Çünki ermənilər uzun illər bu istiqamətdə Azərbaycan əleyhinə çox fəal işlər aparılmasına nail olublar”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Aynurə Pənahqızı Demokrat.az


