Gündəm Özəl

“Şahbaz bəyin dediyi problemləri insanların nökər xislətində axtarmaq lazımdır” — Qulu Məhərrəmli

“Şahbaz bəyin dediyi problemləri insanların nökər xislətində axtarmaq lazımdır” — Qulu Məhərrəmli

"Bir yanlışlığa görə layiqli insanları linç etmək vərdişindən əl çəkməliyik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında filologiya elmləri doktoru Qulu Məhərrəmli “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik” təklifinə görə tənqid olunan “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun fikirlərinə münasibət bildirərkən deyib.

"Bu addım milli kimliyin göstəricilərindən olan milli dilə qarşı həqarətdir, onu aşağılamaqdır. İkincisi, Şahbaz bəyin dilimizlə bağlı dediyi naqisliyin, problemlərin səbəbini Ana dilində deyil, bu dilin daşıyıcıları olan insanların təfəkküründə, onların yarımçıqlığında, nökər xislətində və mütaliə mədəniyyətinin aşağı olmasında axtarmaq lazımdır. Qeyd edim ki, Şahbaz bəyin dediyi kimi, dilin işlənməsiylə bağlı gerçəklər çoxdur. Bəli, bəzən iki azərbaycanlı bir-birilə rusca danışır və bu dilin statusuna hörmət etmirlər. Mən istəməzdim ki, kitabın və Ana dilinin təbliğində böyük xidmətləri olan Şahbaz bəy və milli yaddaşa böyük töhfələr vermiş Sabir Rüstəmxanlı haqqında uyğunsuz ifadələrlə danışaq. Yəni, biz polemikada bəlli etik qaydaları gözləməliyik. Mən əminəm ki, Şahbaz Xuduoğlu dilin statusu ilə bağlı bir gərəksiz cümləni məlum statusundakı Ana dilimizlə bağlı qaldırdığı ciddi problemlərin təsiri və impulsivliyi ilə yazıb. Ona görə də, bir yanlışlığa görə layiqli insanları linç etmək vərdişindən əl çəkməliyik", - deyə sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Demokrat.az

D
demokrat.az