Media

Azərbaycandan Türkiyəyə ezam olunan jurnalist: “İlk gün fəaliyyətə başlayanda dəhşətə gəlmişdik...”

Azərbaycandan Türkiyəyə ezam olunan jurnalist: “İlk gün fəaliyyətə başlayanda dəhşətə gəlmişdik...”

“Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik şəxsi heyəti ilə qardaş ölkəyə gəldik. Əvvəl təyyarə ilə Adana Şakir Paşa Hava Limanına eniş etdik. Daha sonra uzun yol qət edib Kahramanmaraş şəhərinə fevralın 7-si səhər saatlarında gəlib çatdıq. Məsafəsi o qədər də uzaq olmayan yolun gec gəlmə səbəbimiz yollardakı tıxacların olması idi. Belə ki, zəlzələnin fəsadları yolların dağılmasına səbəb olub deyə nəqliyyatın hərəkətində problemlər vardı. Artıq fevralın 7-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış-xilasetmə əməliyyatlarına cəlb edildi. Biz ilk gün fəaliyyətə başlayanda dəhşətə gəlmişdik. Hər yerdə dağıntılar vardı. Şəhərdə nə internet, nə su, nə qaz, nə işıq vardı. Hətta mağazalar belə işləmirdi. Hər kəs ağlayırdı, sağ qalanlar isə yaxınlarını dağıntılar altından çıxarmağa çalışırdılar. Mən bir anlıq elə bildim ki, Kahramanmaraşda həyat dayanıb. Özümü zorla saxlayırdım, ələ almağa çalışırdım ki, işimə davam edim. Azyaşlı uşaqları görəndə pis oluram... İlk gündən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kahramanmaraş şəhəri ərazisində yerləşən Təhsil Mərkəzində müvəqqəti yerləşdik. Bizim xilasedicilər də burada yerləşdi. Gündüzlər ərazilərdə çalışıb, gecələr yatmağa gəlirik ki, az da olsa, istirahət edə bilək. Əvvəl yerdə yuxu tulumunun (spalni meşok) içərisində yatırdıq. Bir neçə gün belə davam etdi, daha sonra bizim xilasedicilərimiz çadırlar hazırladı. Artıq orada istirahət edirik, telefonlarımızı şarj etdirik, hazırladığımız reportajları Bakıya göndəririk. Lakin bu çətinliklərə baxmayraq, biz öz peşə fəaliyyətimizi yerinə yetirirk”. BunuPravda.az-a açıqlamasında “Report” informasiya agentliyinin Türkiyəyə ezam olunmuş əməkdaşıİsmayıl Nəsiblibildirib. “Çalışırıq ki, qardaş Türkiyənin dərdini, acısını bütün dünya ictimaiyyətinə çatdıraq. Və əlimizdən gələn nə varsa, artıqlaması ilə edirik. Çox şükürlər olsun ki, artıq internet, su məsələsi həll olunub. Dünya ölkələri ilə yanaşı yerli insanlar da yardımlar gətirir, könüllülər zərərçəkmişlərə kömək edirlər. Fevralın 7-də Azərbaycanın xilasediciləri dağıntılar altından bir neçə şəxsi sağ, bir neçəsinin isə meyitini aşkarlayaraq çıxardı. İlk gündən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasedicələri Kahramanmaraşın 12 müxtəlif ərazisində 3 növbəli şəkildə axtarış-xilasetmə işləri aparır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tək axtarış-xilasetmə işləri ilə məşğul olmurlar, zərərçəkmişlərə humanitar yardımlar paylayır, evsiz insanlara çadırlar qururlar. Hələ də bu proseslər davam edir. Bu gün artıq 10-cu gündür Türkiyədəyik. Dünən səhər məlumat gəldi ki, dağıntılar altında sağ insanlar var, ora getdik. Bir neçə saat ərzində axtarış-xilasetmə işləri aparıldı və nəticədə iki qardaş dağıntılar altından sağ xilas edildi. Hər kəs sevinirdi, ağlayırdı. Bir neçə ölkənin xilasediciləri ilə yanaşı Azərbaycanın da xilasediciləri orada idi. Həmin qardaşları sağ-salamat dağıntılar altından çıxardılar. Mən burada ilk dəfə insanların üzündə sevinc gördüm. Hər kəs bir-birilərini təbrik edirdi. Hazırda Kahramanmaraşdayıq və işimizə davam edirik. Sonadək qardaş ölkədə peşə fəaliyyətimizi davam etdirəcəyik”, - İ.Nəsibli qeyd edib.

NE
Nihadə Eyyubova