"Hazırda Türkiyə çətin durumla üz-üzədir".
Bunu Modern.az-a Türkiyə Böyük Millət Məclisində (TBMM) AKP-ni təmsil edən deputat Şamil Ayrım zəlzələ bölgəsindəki son vəziyyət barədə danışarkən deyib.
O bildirib ki, zəlzələ bölgəsinə ciddi ziyan dəyib: “Həmin əraziyə çox böyük ziyan dəyib. Təəssüf ki, Türkiyə zəlzələ bölgəsində yerləşir. Zaman-zaman zəlzələ ilə qarşılaşmışıq, amma bu qədər böyük hadisə ilə qarşılaşacağımızı bilmirdim. Dağıntıda həyatını itirənlərin sayı artır, hara qədər gedəcəyi məlum deyil. Yıxılan binaları görəndə ölüm sayının daha da artacağı görünür. Yaralılarımız da çoxdur. Vəziyyəti ağır olanları Ankara və İstanbula göndərirlər. Zəlzələ olan bölgə 14 milyon insanımızın yaşadığı yerdir, 10 vilayəti əhatə edir. İndi isə Türkiyə sadəcə zamana qarşı mübarizə aparır. Hava şəraitinin pis olması yardımların çatdırılmasına əngəllər yaradır”. 
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 14 351 nəfərə çatıb. Yaralı sayı 62 937 nəfərdən çoxdur.


