Dünən saytımızda dərc olunan materialda Bakı şəhəri Nərimanov rayonu Mayakovski 15 ünvanında yerləşən bina sakinləri onlara təklif edilən kompensasiyanın məbləğindən narazılığını bildirmişdilər.
Demokrat.az xəbər verir ki, "Pravda.az" saytına müraciət edən şikayətçilər, onlara edilən təzyiqlərə görə Prezident İlham Əliyevə məktub yazmış və dövlət başçısından kömək istəmişdilər:
Şikayətçilər məktubda qeyd edir ki, dördmərtəbəli, 61 mənzilli binanın 250-dək sakininə Nərimanov RİH-in baş məsləhətçisi Eldəniz Əbdülov 1 kvadrat metr üçün 2000 manat kompensasiyanın veriləcəyini söyləyib. Sakinlər yazır ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılarda 14-20 kvadratmetr, 2 otaqlılarda isə 30-40 kvadratmetr arasında dəyişir. Onlar yaşadıqları ərazidə verilən kompensasiya hesabına ev almağın mümkünsüz olduğunu bildirirlər.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, Mayakovski küçəsi 15 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir və sakinlərə kompensasiya ödəniləcək:
"Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, sözügedən yaşayış binasının sakinlərinin müəyyən olunmuş məbləğdə birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulmuşdur".
Aysun Demokrat.az


