Sosial Özəl

“Təhsildə hər şey bərbad deyil, fəxr etməli tendensiyalar da var” — Ekspert

“Təhsildə hər şey bərbad deyil, fəxr etməli tendensiyalar da var” — Ekspert

“Dünyanın bütün inkişaf etmiş ölkələrinin təhsil sistemində problemlər var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda bu sahədə yalnız mənfi hallar qabardılır:

“Elə bir ölkə yoxdur ki, onun təhsil sistemində problemlər olmasın. Hətta, dünyanın bir nömrəli təhsil sistemi olan Böyük Britaniya da belə problemlər mövcuddur. Son illər sürətlə irəliləyən Norveçdə, Finlandiyada, Cənubi Koreyada, Sinqapurda təhsil sistemində problemlər var. Qeyd edim ki, beynəlxalq qiymətləndirmənin nəticələrini müzakirə etdikdə, Azərbaycan da digər ölkələrə nisbətən daha sürətlə irəliləyir. Yəni, heç bir cəmiyyət, heç bir dövlət tanımıram ki, öz təhsil sistemindən tam şəkildə razı olsun. İkinci bir cəmiyyət də tanımıram ki, yaxşı cəhətləri saxlayıb, ancaq neqativlər üzərində fikir formalaşdırsın. Bu gün biz də ancaq neqativlər qabardılır. Təhsil sistemimizin yaxşı cəhətləri də çoxdur. Biz demirik ki, heç kim tənqid etməsin, neqativləri deməsin. Amma bütün münasibətlərin bunun üzərində qurulması da qəbuledilməzdir. Dediyimiz kimi, təhsil cəmiyyətin güzgüsüdür. Cəmiyyət olaraq biz müəllimi, məktəbi qorumalıyıq. Biz cəmiyyət olaraq təhsilimizi qoruduqca, cəmiyyətimizin daha yaxşı təhsil almasına, daha yaxşı vətəndaş kimi formalaşmasına təkan vermiş olarıq. Bu gün bu fikrin formalaşması demirəm haqsızdır, bəli kifayət qədər problemlərimiz var. Hətta göründüyündən daha çox problemlərimiz var. Eyni zamanda, yaxşı cəhətlərimiz də çoxdur. Sevindirici hal odur ki, yaxşı tendensiyalar sürətlə artmaqdadır.

“Fikrimcə, biz mənfiləri dedikcə, yaxşıları da deməliyik. O zaman bəlkə balans qorunar. Biz ancaq neqativlər üzərində dururuq. Özümüz-özümüzü aldadaraq belə bir fikir yaradırıq ki, təhsil də hər şey bərbaddır. Əslində, təhsildə hər şey bərbad deyil, fəxr etməli, yaxşı mənada danışılası çoxlu tendensiyalar da var”- deyə ekspert əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

NE
Nihadə Eyyubova