“Son dövrlər Azərbaycan ekofəallarının keçirdiyi aksiyanın nəticəsi olaraq Qarabağdakı separatçılar, o cümlədən Ruben Vardanyan və onun dəstəsiylə siyasi hakimiyyət arasında münasibətlərin gərginləşdiyinin şahidi olmaqdayıq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloqun sözlərinə görə, artıq Ruben Vardanyanın həbs olunmasıyla bağlı konkret addımlar atılmalıdır:
“Ruben Vardanyan gəldiyi dövrdən Azərbaycana qarşı faktiki olaraq savaş açdığını elan edir. Xatırladaq ki, Vardanyan sərhədlərini qeyri-qanuni keçərək elə Azərbaycana gəlməklə bir cinayət işlədib. İkinci cinayət isə Azərbaycan ərazilərində olub və Azərbaycana qarşı savaş çağırışları etməkdir. Hesab edirəm ki, Vardanyanın bu çağırışları bu cür revanşist bəyanatlarının nəticəsi olacaq. Əlbəttə ki, belə bəyanatların sonucunu 44 günlük savaş zamanı gördük. Bu cür bəyanatlardan sonra Ermənistan ordusunun məğlub olmasının, darmadağın edilməsinin şahidi olduq. Hesab edirəm ki, Vardanyana qarşı bir neçə istiqamətdə tədbirlər görülə bilər. Onlardan birincisi odur ki, Vardanyanın özü və yaxud onu bölgəyə ezam etmiş Rusiya onu Qarabağdan geri çəkir. İkincisi isə Azərbaycan dövləti onun haqqında cinayət işi başladır və İnterpola onunla bağlı bilgilər verir. Ya da son olaraq, Vardanyanın bu cür savaş çağırışlarını əsas götürərək, onun zərərsizləşdirilməsi istiqamətində addımlar atılır”.
Aynurə Demokrat.az


