Artıq 3 gündür ki, Fransanı yenidən aksiyalar dalğası bürüyüb. Makronun yarıtmaz siyasəti səbəbindən 1 milyondan çox etirazçı küçələrə axışıb. Fransa Həmkarlar İttifaqın çağırışı ilə başlayan kütləvi aksiyalar tətillərlə paralel davam edir. Dəmir yolu işçilərinin, eləcə də elektrik istehsalı və neft emalı zavodu çalışanlarının kütləvi tətilləri bu sahələri də iflic durumuna salıb.
Bu dəfə Parisi partladan dərviş yox, Makronun ağılsız siyasətidir
Etirazçıların əsas tələbi isə Fransa Prezidenti Emmanuel Makronun pensiya yaşının artırılması ilə bağlı planlarıdır. Makronun bu ağılsız gedişi, ölkədə son üç ilin ən böyük aksiyalarının başlamasına səbəb olub.
Həmkarlar İttifaqının Makronun planı ilə bağlı bəyanatında isə bunlar qeyd olunub:
“İndi hökumət dalana dirənmiş vəziyyətdədir. Hamı bilir ki, pensiya yaşının artırılması yalnız işəgötürənlərə və imkanlılara sərf edir”.
Göründüyü kimi, özünü sosial dövlət kimi qələmə verən Fransanın daxili siyasətində iri şirkət və sahibkarların şəxsi maraqları, cəmiyyətin tələblərindən daha çox nəzərə alınır. Yəni Makron təkcə erməni lobbisinin yox, həm də böyük şirkətlərin oyuncağına çevrilib.
Təbii ki, bu məsələnin əsas səbəbidir.
Lakin etirazlara qarşı Makron hökumətinin gördüyü cavab tədbirləri daha rəzil durum yaradıb. Belə ki, polislərin aksiya iştirakçılarına sərt müdaxiləsi artıq adi hal alıb. Fransa polisi öz xalqına qənim kəsilib desək, yanılmarıq.
Doğrudur, aksiyaları dağıtmaq üçün dünyanın bir çox ölkələrində güc metodlarından istifadə olunur. Fransa da isə vəziyyət daha acınacaqlıdır. Güc strukturları dinc aksiyaçılara qarşı fiziki şiddət göstərməkdən çəkinmir. Dünyanın aparıcı media resursları tərəfindən yayımlanan görüntülərdə də polislərin etirazçılara hücum etməsi aydın görünür. Polislər aksiya yerini sakitcə tərk edən etirazçılara belə güzəşt etmir, onlara qarşı rezin dəyənəkləri işə salır.
Bunun nəticəsidir ki, üç gündür davam edən aksiyalarda xəsarət alanların sayı yüzü keçib.
Fransa demokratiyasının əsl siması
Hər birimizə yaxşı məlumdur ki, Fransa burjua inqilabı dünyada demokratiyanın bərqərar olması yolunda atılmış ən önəmli addım hesab olunur. Hətta əksər alimlər Fransa inqilabını Avropada demokratik eranın başlanğıcı hesab edirlər.
İnqilabın üzərindən 240 ilə yaxın vaxt keçib və bu gün Fransa demokratiyasının gəldiyi son durum göz önündədir. Təbii ki, Fransanın müstəmləkəçilik siyasətində törətdiyi qətliamlar, insalıq cinayətləri də məlumdur və bu siyasət Korsikada, Yeni Kaledoniyada hələ də davam etdirilir.
Lakin Fransanın mərkəzində, Parisdəki etirazlar zamanı ortaya çıxan durumun da sivilliyindən danışmaq gülünc olar. Çünki Makron hökuməti demokratiyanın təməl prinsiplərindən olan sərbəst toplaşmaq azadlığını belə heçə sayır.
Hamımız bilirik ki, Fransanın xarici siyasəti də daxilindən heç nə ilə fərqlənmir. Ölkəsinin daxilindəki problemləri həll edə bilməyən Makron hökuməti xarici siyasətdə də problem yaratmaqla məşğuldur. Qarabağ məsələsində Fransanın sərgilədiyi mövqe, öz təhrikləri ilə Ermənistanı da sülhdən yayındırmaq cəhdləri Makronun regional siyasətində əsas kontrlara çevrilib.
Və siyasət çərçivəsində Makronun başı erməni yalanlarını tirajlamağa o qədər qarışıb ki, ölkə daxilində atdığı addımların doğuracağı nəticələri hesablamağı belə bacarmır.
Nə deyək, yazıq ermənilərə ki, öz xalqına qənim kəsilən Fransa iqtidarından mədət umurlar...
Bizim.media


