Kriminal Özəl

Arvadından araq pulu ala bilməyən kişi onu qaynar suda yandırdı — TƏFƏRRÜAT

Arvadından araq pulu ala bilməyən kişi onu qaynar suda yandırdı — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1963-cü il təvəllüdlü Xanlar ailə münaqişəsi zəminində həyat yoldaşı Zeynəbə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 13-də baş verib.

Xanlar yaşadığı evdə Zeynəblə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Bu zaman Xanlar spirtli içki almaq üçün arvadından pul istəməsi, arvadı isə pul verməməsi səbəbindən yaranmış mübahisə zamanı yaşadığı mənzilin mətbəxində olan qaz plitəsinin üzərindən içərisində qaynar su olan qazanı götürərək onun üzərinə atıb. Zeynəb həmin zaman yanıq xəsarəti alıb. İstintaq orqanı tərəfindən Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Zeynəb ilə 1992-ci ildə ailə həyatı qurublar: “Birgə nigahımızdan üç övladımız olub. Münasibətlərimizin ilk vaxtlarında aralarında tez-tez mübahisələrimiz yaranıb. Evə mütəmadi olaraq içkili vəziyyətdə gəlmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evə içkili vəziyyətdə gəlib: “Təxminən saat 11.40-da həyat yoldaşım ilə aramızda mübahisə düşdü. Həyat yoldaşımın üzünə bir dəfə şillə ilə vurdum. Daha sonra isə qaz plitsəinin üzərində içərsində qaynar su olan qabı qəsdən onun sol qoluna atdım. Həmin qaynar su onun sol qoluna dəydi”.

Xanlar bildirib ki, bundan sonra Zeynəb Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib və polis əməkdaşları gələrək onu polis bölməsinə dəvət ediblər.

Xanlar qeyd edib ki, mübahisə zamanı evdə həyat yoldaşı, qızları və oğlu olub. O, əməlindən peşman olduğunu deyib.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Xanların barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az