Azərbaycan bir çox sahələrdə olduğu kimi, dini və milli tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu ölkəmizdə səfərdə olan nüfuzlu qonaqlar, siyasətçilər və din xadimləri də hər zaman çıxışlarında təsdiqləyirlər. Sirr deyil ki, bu gün ölkəmizdə məscidlərə, kilsələrə və digər ibadət yerlərinə getmək üçün heç bir problem yoxdur. Bu da Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Qeyd edək ki, ölkəmizdə əsrlər boyu azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri də bərabər şəkildə yaşayıb. Onlar bu gün müstəqil Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Yəni, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri arasında əlaqələr həmişə dostluq münasibətləri səviyyəsində qurulub, tolerantlıq ənənələri möhkəm bərqərar olub. 

“İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də cənab İlham Əliyevin prezident olduğu bu illər ərzində daimi olaraq dinə və din xadimlərinə çox böyük hörmət, ehtiram göstərilmişdir. Onların çalışmalarına hər cür imkan və şərait yaradılmışdır. Ona görə də, katoliklər, sinaqoqlar, atəşpərəstlər Azərbaycanın inkişaf etdirilməsi, Azərbaycanın dünyada tanıdılması üçün əllərindən gələni əsirgəmirlər. 44 günlük müharibədə də bütün milli azlıqlar, bütün din xadimləri bir yerdə olduqlarını nümayiş etdirdilər. Onlar Azərbaycanın haqlı mübarizəsini dünyaya yaymaqda davam etdilər və buna bilavasitə nail oldular. Bu, çox qürurverici haldır. Təbii ki, Azərbaycanda milli azlıqların və din xadimlərinin birgə fəaliyyəti dünyaya nümunə göstərilməlidir. Çünki bu gün Avropada, eləcə də Qərbdə İslamın təhqir olunması, onun gözdən salınması, müsəlmanların incidilməsi prosesi davam edir. Biz bunu miqrantların timsalında aydın görə bilərik. Miqrantların köçdüyü Avropa ölkələrində milliyyəti hansı dinlərə xidmət etmələri araşdırılır və onlar bununla qiymətləndirilir. Bu, insanlığa, bəşəri ideyalara sadiqliyin nümunəsi deyil. Amma Azərbaycanda ayrı bir şərait var. Bu da ölkə rəhbərinin həyata keçirdiyi siyasətdən qaynaqlanır. Ölkəmizdə millətlər və xalqlar əl-ələ verib birgə mübarizə aparırlar”.
İlahiyyatçı Hacı Atif İsmayılov isə saytımıza açıqlamasında vurğulayıb ki, Avropa çox vaxt insan hüquqlarından danışan, özünü hər zaman çox iddialı görünən bir tərəf kimi göstərməyə çalışıb, ancaq əməlləri bununla heç vaxt üst-üstə düşməyib:
“Azərbaycan da isə bir çox millətlərin və dinə mənsub adamların dinc yaşadığı məkan kimi əvəzsiz nümunədir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması Heydər Əliyevin dini sahədə müdrik siyasət yürütməsinin və həmin siyasətin bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir. Etiraf edək ki, bu gün Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür. Həmçinin, onların problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına hər çür şərait yaradılır. Bu gün ölkəmizdə yenidən təmir və bərpa olunana kilsələr, məscidlər, sinaqoqlar var. Bütün bunlar da ölkəmizdə dini ayrı-seçkiliyin olmadığını göstərir. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza bir sıra dini xadimlər gəlir və onlar buradakı ab-havadan, duyduqları diqqətdən razılıq edirlər. Ümumiyyətlə, Azərbaycanda həmişə dini ayrı-seçkiliyə qarşı bir mübarizə ruhu olub”. 
“Bu gün Yaxın Şərqdə "İslam pərdəsi" adı altında törədilən dəhşətli qətllər, Avropa və ABŞ-da İslam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, bu dövlətlərin iç üzünü göstərir. Lakin Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qürurla vurğulaya bilərik. Qeyd edim ki, dini tolerantlıq demək olar ki, təkcə İslamın deyil, bütün dinlərin əsas prinsipi sayılır. Çünki bütün səmavi dinlərin xitab etdiyi faktor insan faktorudur. Bunun avropalı, miqrant, pravoslav, katolik, müsəlman və ya qeyri-müsəlman anlamı yoxdur. Burada insanlıq naminə bütün dinlər inkişaf edib. Bəli, ona görə də, böyük fəxrlə deyə bilərik ki, Azərbaycanda daim etnik mədəniyyət, sivil yaşayış həmişə mövcud olub. Dini-tolerantlıq da məhz budur! Azərbaycanın milli-mədəni, dini-irqi xüsusiyyətlərindən qaynaqlanan çoxsaylı xalqlar və millətlər ilə daim qardaş olmaları bizim mayamız sayılır. Bunun inkişafı üçün də atılan addımlar təqdirəlayiqdir”.
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Aynurə Pənahqızı Demokrat.az


