"19 yanvarda Avropa Parlmanentinin Qarabağın dağlıq ərazisi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn norma və tələblərinin aşması və suveren Azərbaycan Respublikasının daxili işinə qarşıması hesab edirəm. 11 bənddən ibarət bu kağız parçasında gülməli olsa da, ermənilərin birtərəfli tələblərini özündə əks etdirməklə ancaq Azərbaycan ittiham olunur" .
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, qəbul edilən qətnamə tamamilə əsasızdır:
"Qətnamənin ayrı-ayrı bəndlərini təhlil etmədən, ancaq bir neçə bəndi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Qətnamənin 2-ci bəndində Azərbaycanı 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatın tələblərinə hörmət etməyə çağırış olunur. Maraqlıdır, niyə bu çağırış Ermənistana səslənmir. Çünki Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri icra etdiyi halda, bu bəyannamənin 4 bəndi Ermənistan tərəfindən bu gün də icra edilməmiş qalmaqdadır. Belə ki, Ermənistanın silahlı tör-töküntüləri bu gün də sülhməramlıların nəzarəti altında olan ərazidə qalır və bu əraziyə yeni silahlar və qüvvələr gətirilir. Yolun bağlanmasından danışırlarsa... Niyə 32 il blokadada saxlanılan Naxçıvanın 465 min nəfərin hüquqlarının təmin olunmasından danışılmır? Azərbaycanın qərb rayonları ilə Naxçıvana maneəsiz keçidin təmin edilməsi müddəası gündəmə gətirilmir? Daxili qaçqın və köçkünlərin Qarabağın dağlıq ərazisinə BMT -nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılması məsələsi niyə gündəmə gətirilmir? Yəni, 32 il öz hüquqlarından məhrum olunmuş azərbaycanlıların hüquq və azadlıqlarının bərpası bir dəfə də olsun niyə Avropa parlamentində müzakirəyə çıxarılmır?"
"Uzun illər həllini gözləyən bu vacib məsələləri bir kənara qoyaraq, Ermənistanın yalanı üzərində qurulmuş bir kağız parçasının qəbul edilməsi Avropa Parlamentinin beynəlxalq hüquq normalarından uzaq olduğunu göstərir. Bu, erməni lobbisinin maliyyəsi hesabına qərarlar qəbul etməkdən başqa bir şey deyildir. Avropa Parlamentinin rəhbər şəxsləri korrupsiya əməllərində dəfələrlə ittiham olunmasına baxmayaraq, bu təcrübə təəssüf ki, bu gün də davam etməkdədir. Bu kağız parçasında beynəlxalq hüququn bütün normalarını aşaraq, Laçın yoluna BMT və ATƏT-in missiyasının göndərilməsi tələb olunur. Görəsən, bu maddəni qeyd edəndə, Azərbaycanın fikrini soruşublarmı? Təəssüf ki, yox. Hesab edirəm ki, Avropa Parlamenti özünə bir az da olsa hörmət edirsə, belə ittihamedici sənədləri ancaq Ermənistana qarşı qəbul etməlidir. Ona görə ki, regionda sülhün yaranmasına maneə törədən yeganə tərəf Ermənistandır. Avropa Parlamentini isə qış yuxusundan ayılmağa və ermənilərin maliyyəsi hesabına qərarlar qəbul edilməsindən çəkinməyə çağırıram"- deyə sonda deputat qeyd edib".
Aynurə Demokrat.az


