"Bütövlükdə Cənubi Qafqaz regionuna nəzər yetirdikdə regiona münasibətdə müxtəlif maraqlar olsa da, təəssüf ki, bu maraqların heç bir konkret sülh məqsədinə xidmət etmir. Qərbin bu məsələdə öz marağı olduğu qədər, Rusiyanın da öz marağı var. Rusiya Cənubi Qafqazı əlindən verməməkdə israrlıdır. Qərb bu israrı Ermənistan vasitəsilə regiona missiya gətirərək qırmaq istəyir. Lakin Qərbin, daha konkret olaraq Fransanın məkirli planları olduğundan, bu istiqamətdə də rəsmi Paris Avropa İttifaqına təzyiq etdiyindən Azərbaycan bütün bu planların qarşısında sipər kimi dayanır. Çünki İrəvan-Paris ikilisinin əməlləri illərdən bəri bizə yaxşı məlumdur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq qeyd edib ki, Brüssel formatının arxa plana keçdiyindən Rusiya yenidən daha da qabarıq formada üzə çıxıb:
"Digər regional aktor Türkiyə isə nəinki regionun, bütövlükdə beynəlxalq münasibətlər sisteminin önəmli aktorudur. Belə bir dövlətə isə Ermənistanın ərazi iddiası etməsi olduqca gülüncdür. Hətta bir anlıq hipotetik olsa belə Ermənistanla-Türkiyə arasında bircə saatlıq müharibənin nəticəsini təsəvvür belə etmək mümkün deyil. Fransa-Türkiyə, Fransa-Azərbaycan və Fransa-Ermənistan münasibətləri kontekstindən məsələyə baxanda Türkiyə-Ermənistan barədə hər şey aydın olur. Əvvəla müsbət məqamı nəzərə alaq ki, Ermənistanda da rasional düşüncəli insanlar var. Onlar aydın dərk edirlər ki, Türkiyə ilə münasibətlərin gərginləşməsi onları daha da pis vəziyyətə salacaq. Əksi ssenarini düşünək. Sərhədlər açıldı və Ermənistanla gediş-gəliş yarandı. Təsəvvür edin ki, bu Ermənistan cəmiyyətində nə qədər canlanmaya səbəb olacaq. Amma təbii ki, bunu istəməyən qüvvələr də mövcuddur. Məhz yuxarıda göstərdiyim Fransanın mövcud olduğu münasibətlər formatı Ermənistanın Türkiyə ilə bağrının ağ olmadığını bir daha təsdiq edir". 
"Ermənistan tərəfindən zaman-zaman verilən fərqli mesajları, düzü, nəbz yoxlaması hesab edirəm. Bu, həm Ermənistan, həm də beynəlxalq nəbzi yoxlamaq üçündür. Hələ buna toxunmadan onu qeyd edək ki, hər nə qədər Ermənistan pozucu siyasət həyata keçirsə də, o da yaxşı məlumdur ki, Ermənistanla Azərbaycanı masada tək buraxmırlar. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir. Danışıqlar masasında vasitəsiz olaraq Ermənistan-Azərbaycan tərəflərinə oturulmağa icazə verilsə, bəlkə də nəticəyə daha tez çatmaq mümkün olar,"- deyə analatik qeyd edib.
"Erməni cəmiyyətində hökm sürən mövcud antiRusiya təfsiri fonunda Rusiyanın da Vardanyan vasitəsilə öz planlarının olduğu sadəcə Ermənistana deyil, Azərbaycana da yaxşı məlumdur. Türkiyənin, türkün Ermənistana düşmən və təhlükə olmadığını dərk etmək üçün düşünürəm ki, Ermənistan çox gecikib. Ermənistan daha da vaxt itirmədən çirkli əməllərindən əl çəkməlidir. Ermənistan belə səmimidirsə niyə regiona yenidən mülki missiya gətirilməsində alət olur? Hər bir tərəfə yaxşı məlumdur ki, Türkiyə Azərbaycanın yanında qətiyyətlə dayanıb. Erməni xisləti də yaxşı məlum olduğundan o da istisna deyil ki, guya bir tərəfdən bu cür konstruktiv mesajlar verməklə, digər yandan da Türkiyədə keçirilməsi planlaşdırılan seçkilərdə ermənilərin əli ilə hər hansı bir təxribata cəhd edilməsin. Çünki digər yandan da nəzərə alsaq ki, son günlər İrəvan və Tehran bir də qardaşlaşdı, İran Ermənistana qucaq açması ilə üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının prinsiplərinə və müsəlmançılıq ideoloji xəttinə yenidən zidd mövqe nümayiş etdirdi. Rusiyanın bölgədə zəifləyəcəyi təqdirdə bu boşluğu İranın doldurmasında Ermənistan maraqlıdır. Təxribatlara çəkilməyə gəldikdə isə Azərbaycanın atacağı addımlar nə erməni cəmiyyətindən gələn spekulyasilarla, nə də Ermənistanın aldığı kimi direktivlərlə müəyyənləşmir. Bəllidir ki, planın əsas məqsədlərindən biri Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməkdir".
Aynurə Pənahqızı Demokrat.az


