Siyasət Özəl

“Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı” — Deputat

“Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı” — Deputat

"20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat qeyd edib ki, bu hadisələrdən sonra xalq daha bir gerçəkliyin şahidi oldu:

"Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Təhlükələrdən çəkinməyərək 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi".

Deputat diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır:

"Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhları şaddır. Çünki artıq müstəqilliyimiz əbədidir. Qarabağımız azaddır, 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar Zəfərlə nəticələndi. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır".

Aynurə Demokrat.az

D
demokrat.az