Oğuz rayonunda 1958-ci il təvəllüdlü Vaqif şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Gülgəzi qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin sentyabrın 20-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində baş verib. Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəzin almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Müəyyən edilib ki, zərərçəkmişi əri Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı öldürüb.
İstintaq orqanı tərəfindən Vaqifin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Gülgəz onun arvadı olub və Böyük Söyüdlü kəndində yerləşən evlərində birlikdə yaşayıblar: “Birgə nikahımızdan üç övladımız olub. Hər üç övladımız evli olmaqla bizdən ayrı yaşayıblar. Gülgəzlə əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızda söz-söhbətlərimiz olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2014-cü ildə arvadı Gülgəzi döyməsi ilə bağlı Oğuz rayon polis şöbəsində araşdırma aparılıb: “Həmin vaxt barışdığımız üçün cinayət işi başlanılması rədd edildi. 20 sentyabr 2021-ci ildə, saat 11 radələrində təxminən 250 qram araq içdim. Saat 12 radələrində "Azəriqaz" ASC-nin Oğuz rayon şöbəsinin üç nəfər tanımadığım əməkdaşı bizim yaşadığımız evə gəldi, qaz sayğaclarının plomblarını dəyişdilər. Həmin şəxslərlə söhbət edən zaman əsgər yoldaşım Yaşarın iş yoldaşları olduqlarını bildim. Buna görə də həmin şəxsləri evə dəvət etdim. Evdə olduğumuz təxminən on dəqiqə ərzində qonaqlara çay və yemək təklif etdim. Sonuncular yeməyəcəklərini bildirsələr də, Gülgəz stola yemək və çay gətirdi. Qonaqlar çay içib getdikdən sonra Gülgəz deyinməyə başladı. Nəyə görə həmin şəxsləri evə dəvət etdiyimi soruşdu. Mən isə bunda qəribə nə isə olmadığını, həmin şəxslərin əsgər yoldaşım Yaşarın iş yoldaşları olduqlarını bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Gülgəz buna görə bütün günü deyinib və saat 20 radələrində yenidən deyinməyə başlayanda evə kimi istəsə gətirəcəyini, həmin şəxslərin onun qonaqları olduğunu, buna görə deyinməməsini deyib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə vaxtı bir dəfə Gülgəzi şillə ilə vuraraq itələdim. Gülgəz zərbənin təsirindən yıxılaraq başı tinə dəydi. Gülgəzin hərəkətsiz olduğunu gördüm və kürəkənim Ceyhuna zəng etdim. Gülgəzin vəziyyətinin yaxşı olmadığını və təcili olaraq bizə gəlməsini bildirdim”.
Vaqifin ifadəsinə görə, bundan bir qədər sonra qudası Soltanmurad onlara gəlib: “Daha sonra isə qızım Yetər və kürəkənim Təbriz gəldilər. Gülgəzin vəziyyəti yaxşı olmadığından “103” xidmətinə məlumat verildi. Təcili yardımın əməkdaşları gələrək Gülgəzə ilkin tibbi yardım göstərdilər, Oğuz rayon Mərkəzi Xəstəxanasına apardılar. Bu zaman mən də onlarla birgə xəstəxanaya getdim. Xəstəxanada olarkən Oğuz rayon polis şöbəsinin əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Sonradan Gülgəzin xəstəxanada ölməsini eşitdim”.
Məhkəmədə Vaqifin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O,həmin ifadəsində baş verən olayları fərqli danışıb. Bildirib ki, sentyabrın 20-də, saat 11 radələrində gedən qonaqlara çay vermək üstündə aralarında mübahisə yarandıqdan sonra Gülgəzi döyməyə başlayıb: “Əvvəlcə Gülgəzi hər iki əlim ilə şillə və yumruqla vurdum. Buna görə zərbələrin təsirindən yerə yıxıldı. Daha sonra yerdə olarkən Gülgəzə başının və bədəninin xatırlamadığım nahiyələrinə şillə, yumruq və təpiklə zərbələr endirdim. Bu zaman Gülgəz mənə yalvarmadı və vurmamağım üçün heç nə demədim. Gülgəzin huşunun getdiyini və başının arxasından qan axdığını gördüm. Qorxaraq kürəkənim Ceyhuna zəng etdim və Gülgəzin vəziyyətinin yaxşı olmadığını, təcili olaraq bizə gəlməsini bildirdim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vaqif 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


