“Hər bir insanın həyatında müxtəlif hadisələr baş verir. Amma insan bəzən elə bir problem yaşaya bilir ki, bu onun özünə aid olur. Buna heç kim qarışa bilməz. Ailə söz-söhbəti elə ailənin mətbəxində də qalmalıdır. İnsanların şəxsi həyatına girib, nəticə çıxarmadan, bilib-bilmədən danışmaq düzgün deyil. Yazırlar, pozurlar. Mən bunu başa düşə bilmirəm. Sən lap bir insan haqqında pis belə fikirləşsən, onu dilinə gətirməməlisən. Axı qarşındakı da insandır, onun qəlbini qıra bilərsən. Bəzi insanlar həqiqətən də azğınlaşıb, insanlıqdan çıxıblar. Boş-bekar evdə oturub, rəylər yazırlar. Onlara məsləhətim budur ki, gedib teatrlarda gözəl tamaşalara baxsınlar, savadlarını artırsınlar”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. 
Rəhimə Nuriyeva qızı Ülkərin türkiyəli məşhur müğənni Barış Kömürcüoğlu ilə münasibətlərinə də aydınlıq gətirib.
“Onlar ilk dəfə “Elgizlə izlə” verilişində tanış olublar. Ülkəri sadəcə müğənni kimi dəvət etmişdilər. O qonaq olanda Barışı da dəvət ediblər. Barış çox qabiliyyətli, mərifətli oğlandır. Eşidəndə ki, Barış Ülkərə elçi düşüb, mən özüm də şokda oldum. Bir-birini tanımırlar, görməyiblər heç. Ülkərdə heç onun nömrəsi də yoxdur. İnsanların bir-birini tanımağı üçün vaxt, zaman lazımdır. Bu Allahın qismətidir, qızımın bəxti hardadırsa orda da xoşbəxt olacaq. Barış Ülkərin səsinə qulaq asıb, çox bəyənib. Bu gün sabah duet də oxuyacaqlar, onda görək nə söz-söhbət olacaq?! Sənət adamları bir-biri ilə iş görürlərsə, mütləq ər-arvad olmalıdırlar?” deyə Rəhimə Nuriyeva deyib.


