Kriminal Özəl

Gədəbəy sakini həmkəndlisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Gədəbəy sakini həmkəndlisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Gədəbəy rayonunda 1974-cü il təvəllüdlü Sərdar mübahisə zəminində həmkəndlisi Əliyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 16-da, təxminən saat 20 radələrində Gədəbəy rayonu Söyüdlü kəndinin mərkəzində baş verib. Bu zaman Sərdar Əlini yumruq və təpik zərbələri ilə vurub.

Sərdarın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Gədəbəy rayon Söyüdlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Zərərçəkmiş Əli həmkəndlimdir. Əvvəllər aramızda heç bir narazılıq və ədavət olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 16-da, saat 21 radələrındə işdən çıxıb və yaşadığı Söyüdlü kəndinə gedib: “Kəndin mərkəzində Əli ilə rastlaşdım. Əlidən siqaret istədim. Bu zaman Əli məni nalayiq formada cavab verdi, ağır söyüşlər etdi. Bundan əsəbləşib yumruqla onun sifət nahiyyəsinə vurdum. Zərbənin təsirindən yerə yıxıldı. Əli yıxıldıqdan sonra yaşadığım evə getdim”.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az