Prosesin bu cür pauzada qalması hərbi əməliyyatların yenidən başlaması riskini artırır" "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi İrəvanın yaxın müddətdə nə qədər konstruktiv mövqe tutacağından asılıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib. Analitik qeyd edib ki, Azərbaycanın yanaşması və şərtləri dəyişməyib:
"Rəsmi Bakı üçün əsas fundamental məsələ ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmaması və ölkəmizə qarşı təhdid təşkil edəcək addımlardan çəkinəcəyi ilə bağlı yazılı öhdəlik götürməsidir. Ermənistanın baş naziri Nikol Paşinyan sözdə sülh müqaviləsinin imzalanmasına qarşı çıxmasa da, faktiki olaraq prosesi uzatmağa xidmət edən addımlar atır. Brüssel formatında müzakirələrə Paşinyanın Fransanı üçtərəfli danışıqlar formatına daxil etmək təklifi ilə ara verilib. Fransa birtərəfli şəkildə Ermənistanı müdafiə edir və ona vasitəçi statusu verilməsi Azərbaycanı qane edə bilməz". "Vaşinqton vasitəsilə aparılan müzakirələrdə isə Brüssel formatında əldə olunmuş razılaşmalar əsas götürülürdü, ABŞ öz dəstəyi ilə bu prosesi möhkəmləndirməyə və sürətləndirməyə çalışırdı. Həmçinin, ABŞ-ın vasitəçiliyi və dəstəyi tərəflər arasında etimad mühiti yaratmağa da kömək edirdi. Hazırda görünən budur ki, Ermənistan danışıqlar masasına oturmaqdan yayınır. Bununla belə, ehtimal etmək olar ki, ABŞ və Brüssel tərəfindən yaxın müddətdə yeni təşəbbüslər ola bilər. Prosesin bu cür pauzada qalması hərbi əməliyyatların yenidən başlaması riskini artırır. İndiki mürəkkəb şəraitdə isə Vaşinqton və Brüsseldə bunu istəmirlər. Həmçinin, Ermənistan rəhbərliyinin Rusiyaya qarşı ittihamları Moskvanın əsas vasitəçi olmaq iddialarına gerçəkləşməsinə problemlər yaradacağı şübhəsizdir. Azərbaycan isə qəti şəkildə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün sonsuz müddətə gözləmək fikrində deyil". "Prezident İlham Əliyev bir daha yerli telekanallara müsahibəsində qəti şəkildə bəyan etdi. Bu cür şəraitdə Ermənistan üçün elə çox seçim qalmır. Azərbaycanın heç nə etməyib, müşahidəçi qlaaraq ermənilərin yenidən silahlanmasını, yaxud ittifaqlar yaratmasını gözləmək sadəlövhlük olardı. Buna görə, Paşinyan ya dəyirmi masanı, ya da səngəri seçməli olacaq. Ehtimal etmək olar ki, ermənilərin təxminən iki ay, bəlkə bir az da çox zamanı var, əgər danışıqlar yenidən başlamasa və Ermənistan konstruktiv mövqe sərgiləməsə, Azərbaycan ordusunun gücü ilə üz-üzə qalmalı olacaq",- deyə, sonda analitik qeyd edib.
Aynurə Demokrat.az


