Quba rayonunda 2000-ci il təvəllüdlü Fəqan şəxsi münasibətlər zəminində yarana mübahisə zamanı həmkəndlisi Zahidə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 24-də Quba rayon Adur kəndi ərazisində baş verib.
Fəqan şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zahidi əlindəki ağac çubuqla vurub. Onu yerə yıxaraq döyüb.
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yaşadığı kəndin ərazisindəki dağlıq ərazilərdə həm özlərinin, həm də başqa şəxslərin qoyun sürülərini otarır: “Həmkəndlim Zahid və ailə üzvləri ilə əvvəllər düşmənçiliyim, ədavətim olmayıb. Kənd ərazisində 100 hektar örüş sahələri var. Onların yeri ilə sərhəddə isə Zahidgilin də örüş yerləri var. Amma ərazilərinin nə qədər olduğunu bilmirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 24-də, gündüz vaxtı öz qoyun sürüsünü kənd evlərindən təxminən 1 kilometrə yaxın aralıda yerləşən örüş yerinə nəzarətsiz buraxıb və 2 kilometr aralıda başqa heyvan dalınca gedib: “Getdiyim ərazidən qoyun sürüləri görünürdü. Saat təxminən 14-15 radələrində gördüm ki, Zahidlə qardaşı Malik 700 baş qoyun sürüsündən 200 baş qoyunu ayırıb başqa səmtə ötürüb. Atla idim və atı çapıb Zahidlə Malikin yanına getdim. Atdan düşüb Zahidə yaxınlaşaraq dedim ki, mənim qoyunumu niyə bölüb ötürmüsən. Zahid dedi ki, yerimizə girirdi. Dedim ki, bəs niyə yarısını öz yerinizdə qoymuşdun. Bu zəmində söz mübahisələrimiz oldu. Mübahisə zəminində Zahid yerdən bir metr uzunluğunda bir dəmir armatur götürüb üstümə gəldi. Özümün də sağ əlimdə qoyun sürmək üçün götürdüyüm bir metr uzunluğunda ağac çubuq var idi. Özümü qorumaq üçün sağ əlimdəki ağac çubuqla Zahidin başından vurdum. Sonra isə Zahidi tutaraq altıma yerə yıxdım. Qrdaşı Malikə dedim ki, gəlib armaturu Zahidin əlindən alsın. Malik yaxınlaşıb armaturu Zahidin əlindən alıb kənara tulladı. Bundan sonra ayağa qalxdımr və atma minərək uzaqlaşaraq sürülərimin yana getdim. Bundan sonra dalaşmalarımız olmayıb”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zahidin sözlərinə görə, kənd ərazisində bələdiyyədən icarəyə götürdükləri 80 hektar torpaq sahəsi var: “Həmin sahədə qardaşım Maliklə birlikdə öz qoyun sürülərimizi otarırıq. Təqsirləndirilən şəxs də kənd ərazisində 180 hektar icarə torpağı var. O, da qoyun sürüsü otarır. Sentyabrın 24-də, saat 14 radələrində öz örüş sahəmdə qoyunlarını otaranda Fəqanm qoyun sürüsü yerimə daxil olduğu üçün sürüb çıxardım. Həmin vaxt Fəqan qoyunlarının yanında deyildi. Az sonra Fəqan zəng vurub dedi ki, gəlib sənə göstərəcəyəm. Saat 15 radələrində qardaşım Maliklə birlikdə öz sahəmizdə qoyunlarını otararkən Fəqan atla gəldi. Atdan düşərək yaxınlaşdı və məni söyərək əlindəki ağac çomaqla əvvəlcə başıma, sonra da sol qoluma zərbələr vurdu. Daha sonra isə çomağı yerə atıb qolları ilə boynumu sıxıb altına yerə yıxdı. Yerdə dizləri, yumruqları ilə sifətimə, qabırğalarıma, ayaqlarıma zərbələr vurdu. Yaxınlıqda olan qardaşım Malik qaçıb gələrək Fəqanı məndən ayırdı”. Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Fəqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


