ABŞ prezidenti Cozef Bayden şəxsi ofisindən çıxan məxfi sənədlərlə bağlı səssizliyi pozub.
Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, Bayden Meksikada keçirilən "Şimali Amerika Liderləri Zirvəsi" konfransından sonra media nümayəndələri qarşısına çıxıb. Dövlət başçısı sənədlərin məzmunundan xəbərsiz olduğunu bildirib:
"Sənədlərin buradan çıxması məni təəccübləndirdi. Mən onların məzmununu bilmirəm".
O, qeyd edib ki, onun vəkilləri məxfi sənədləri dərhal Milli Arxivə təhvil verib:
"Hər kəs bilir ki, mən məxfi sənədlərə ciddi yanaşıram. Vəkillərim həmin sənədləri vaxtında təhvil veriblər".
CNN-in mənbəsinin məlumatına görə, hesabatda sənədlərin 2013-2016-cı illərə aid olduğu və Ukrayna, İran və İngiltərə ilə bağlı kəşfiyyat bilgilərinin olduğu qeyd edilib. Həmin mənbə Baydenin komandasının milli arxivə məlumat verdiyini bildirib.
Lakin Baydenin sələfi Donald Tramp ABŞ prezidentinin evlərində və Ağ Evdə axtarış aparmağa çağırış edib.
Qeyd edək ki, D.Tramp məxfi sənədləri təhvil vermədiyi üçün vəzifəsini tərk etdikdən sonra Federal Təhqiqat Bürosunun agentləri onun Floridadakı evində axtarış aparıb. Həmçinin, ABŞ Ədliyyə Nazirliyi keçmiş prezidentə qarşı "casusluq" və "ədalətə mane olma" kimi ittihamlarla cinayət işi açıb.
Zamiq Demokrat.az


