Gündəm Özəl

"Bu, "azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilməzlər" fikrinə qarşı bir açıq mesajdır" — Deputat

Bu, azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilməzlər fikrinə qarşı bir açıq mesajdır — Deputat

"Qarabağda Azərbaycan tərəfindən kömək istəyən erməniyə qarşı Azərbaycan əsgərinin etdiyi hərəkət əslində indiyə qədər Azərbaycan dövlətinin Qarabağla bağlı olan göstəricisi kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi, biz 44 günlük Vətən müharibəsində işğal altında olan bütün torpaqları geri qaytara bildik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün beynəlxalq platformalarda qaldırdığı əsas məsələ Qarabağda yaşayan ermənilərin bundan sonra Azərbaycanla birlikdə birgə yaşaması, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Mahir Abbaszadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfdən kömək istəyən erməninin Azərbaycan əsgəri tərəfindən su və çörəklə təmin edilməsi, onun təhlükəsiz şəraitdə Qarabağda rus sülhməramlı qüvvələrinə təhvil verilməsi bir daha göstərir ki, silahlı qüvvələrimiz həm də burada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır:

"Bu, "azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilməzlər" fikirlərinə qarşı bir açıq mesajdır. Yəni, Azərbaycan Ordusu bu gün Qarabağda yaşayan ermənilərin də təhlükəsizliyini təminatçısıdır. Gələcəkdə biz burada yaşayan ermənilərlə Azərbaycan Respublikasının vətəndaşlığını, Azərbaycan qanunlarını qəbul etdikdən sonra Qarabağda ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması ilə bağlı elə bir narahatlıq yoxdur. Əksinə, Qarabağda yaşayan ermənilərin ən böyük qarantı cənab Prezident İlham Əliyev, Azərbaycan dövləti və Azərbaycan silahlı qüvvələridir".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova