"Ermənistanın Azərbaycana qarşı üçtərəfli bəyanatı yerinə yetirməməklə bağlı irəli sürdüyü ittihamlar əsassızdır və heç bir məntiqə sığmır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Siyasi şərhçi Ermənistanın bu addımlarının adi hal olduğunu vurğulayıb:
"Ona görə ki, Ermənistan daim bu tip təxribatlar törədib. Bütün bunlar, Ermənistanın riyakar və ikiüzlü siyasətinin sübutudur. Azərbaycan üçtərəfli bəyanatın hər hansı bir maddəsini pozmayıb, əksinə bu onun tələblərinin yerinə yetirilməsinin tərəfdarı olub".
“Ermənistan iddia edir ki, Azərbaycan bəyanatın 6-cı bəndini pozub. Nəzərə alsaq ki, həmin hissə Azərbaycanın Laçın istiqamətinə təhlükəsiz gediş-gəlişinə təminat verir, deməli ittihamların heç biri həqiqəti əks etdirmir. Ermənistan isə bəyənatın iki vacib maddəsini yerinə yetirməyib. Öz gözündə tiri görməyən Ermənistan, yeni təxribatlar törətməkdən çəkinmir" - deyə S.Zahidov bildirib.
Laçın-Xankəndi yolunda baş tutan aksiyalardan danışan politoloq əlavə edib ki, Azərbaycan ekofəalları və vətəndaş cəmiyyəti nümayəndələrinin həyata keçirdiyi aksiyaları müsbət dəyərləndirir:
"Aksiyanın əsas hədəfi sülhməramlı kontingentin müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntıların istismarına və baş verən ekoloji problemlərə qarşıdır. Hazırda Azərbaycana məxsus "Dəmirlik" və "Qızılbulaq" yataqlarında Azərbaycan sərvətlərinin talan edilməsi aktual məsələdir. Rusiya sülhməramlıları bütün bunlara göz yummaqla yanaşı, bir növ Azərbaycanın baş verənlərə nəzarət etməsinə maneə rolunu oynayır".
Aysun İbrahimova Demokrat.az


